ZƏNGİLAN, 13 mart. TELEQRAF

"Azad edilən ərazilərdə hidrometeroloji müşahidə cihazlarının bərpası üçün müxtəlif stansiyalar quraşdırılıb".

Teleqraf-ın Zəngilana ezam olunmuş müxbiri xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin və təbii sərvətlərin idarə edilməsi şöbəsinin baş məsləhətçisi Murad Şahverdiyev İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclasında deyib.

O bildirib ki, azad edilən ərazilərdə mina probleminə görə meşə sahəsinin invertarlaşmasında çətinlik yaranır.

"Türkiyə təcrübəsindən istifadə edərək peyk vasitəsi ilə meşə sahəsinin invertarlaşdırılması həyata keçirilir. Yeni xüsusi mühafizə olunan milli parkın yaradılması üçün tədqiqat işləri aparılır. Yeni milli parkın ərazisi 90 min hektardan artıq olacaq və azad edilən bir neçə rayonu əhatə edəcək. Artıq sənədlər hazırlanıb", - o vurğulayıb.

Murad Şahverdiyev əlavə edib ki, dövlət proqramının icrası çərçivəsində işğaldan azad edilmiş ərazilərdə sağlam ətraf mühitin yaradılması, qorunması və ekosistemin bərpasında bir sıra hədəflər mövcuddur: "Meşəbərpa tədbirləri və yeni yaşıllıq sahələrinin salınması, xüsusi mühafizə olunan təbiət ərazilərinin fəaliyyətinin bərpası və yeni mühalizə olunan ərazilərinin yaradılması əsas hədəflərdəndir.

"Meşə fondu sahələrinin inventarlaşdırılması və qiymətləndirilməsi, hidrometeoroloji müşahidə şəbəkəsinin bərpası və proqnoz məlumatlarının keyfiyyətinin artırılması, mineral xammal ehtiyatlarının yenidən qiymətləndirilməsi, geoloji axtarışı və kəşfiyyatı da hədəflər arasındadır", - o əlavə edib.

O deyib ki, işğaldan azad edilmiş ərazilərdə xüsusi ekoloji əhəmiyyət daşıyan təbiət komplekslərinin mühafizəsi məqsədilə yeni Milli parkın yaradılması istiqamətində zəruri işlər həyata keçirilir: "Bununla əlaqədar, Kəlbəcər, Laçın, Ağdərə və Xocalı rayonlarının ərazilərini əhatə etməklə 90 min hektar sahədə yaradılması təklif olunan yeni Milli parkın xəritə-sxemi hazırlanıb. Aidiyyəti dövlət qurumları ilə razılaşdırılıb. Hazırda bu istiqamətdə müvafiq sənədləşdirmə işləri aparılır.