BAKI, 9 fevral. TELEQRAF
Cəlilabadın Üçtəpə kəndində əminin balta ilə xəsarət yetirdiyi azyaşlı bu gün ambulator müalicə üçün evə buraxılıb.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, 1 fevral saat 17:00 radələrində xəsarət alması səbəbilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan 2012-ci il təvəllüdlü (kişi) şəxsə zəruri tibbi yardım göstərilib.
Qeyd edək ki, Cəlilabad rayonunun Üçtəpə kənd sakini Əli Nağıyev 12 və 14 yaşlı qardaşı qızı və oğlunu baltalayıb. İki azyaşlıdan biri, 2011-ci il təvəllüdlü Nağıyeva Həqiqət Musa qızı xəstəxanada vəfat edib. Hadisədən sonra polis tərəfindən saxlanılan Ə.Nağıyevin halı müvəqqəti saxlama yerində pisləşib və o, xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, Ə.Nağıyev xəstəxanada dünyasını dəyişib.