XANKƏNDİ, 16 oktyabr. TELEQRAF
“Azərbaycan hökuməti ərazilərdəki binaların əsl görkəmini qoruyaraq təmir edib. Heç bir şey dəyişdirilməyib. Onsuz da bu ərazilər əvvəllər, təxminən otuz il öncə, azərbaycanlıların yaşadığı yerlər idi”.
Teleqraf-ın Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Ömər Bulut Üçüncü Milli Şəhərsalma Forumunda (NUFA3) jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Azərbaycan çox gözəl bir şəhərsalma anlayışı nümayiş etdirib:
“Məncə, bütün dünya müharibələrdən sonra şəhərlərimizi bərpa edərkən bizlərin nə qədər həssaslıq və insanlıq prinsiplərinə riayət etdiyini görməlidir. Azərbaycan bunu reallaşdırdı”.
O bildirib ki, Qarabağda möhtəşəm əsərlər ortaya çıxıb: “Buradakı binalar yeni ehtiyacları qarşılaya biləcək formada inşa olunub. Yıxmaq hər kəs üçün asandır, amma biz - türk milləti olaraq - həmişə yaratmağa üstünlük vermişik. Kim hansı əsəri ortaya qoyubsa, biz onu qoruyub gələcək nəsillərə çatdırmışıq".
Ömər Bulut əlavə edib ki, Türkiyə inşaat sektorunda çox önəmli bir ölkədir: "Dünyada 250 böyük şirkət arasında 45 türk firması yer alır. Azərbaycanın Bakıdan Qarabağa gedən yolunu da türk şirkətləri inşa edib".