BAKI, 20 mart. TELEQRAF

Bu gün Azərbaycanda Novruz bayramı qeyd olunur.

Teleqraf xəbər verir ki, Novruz yazın gəlişini - yeni ilin başlanmasını bildirir.

Uşaqlı-böyüklü hər kəsin sevə-sevə qarşıladığı Novruz qədim köklərə malik olub, özündə bir çox adət və ənənələri cəm edir.

Xalqımız su, od, külək və torpağa həsr olunan çərşənbələri xüsusi sevgiylə qeyd edir.

Novruzda səməni yetişdirilir, yumurta boyanır və milli şirniyyatlar bişirilir. Bayramda küsülülər barışır, xoş niyyətlər edilir. Süfrədə ailə üzvlərinin sayı qədər şam yandırılır və niyyət edilir. Uşaqlar adətə görə qonşuların qapılarına papaq atır və gizlənirlər, sonra bayram şirniyyatı ilə doldurulmuş papaqlarını götürürlər. Axşam düşdükdən sonra küçələrdə tonqallar qalanır, ətrafına toplananlar oynayır, xəstəliklərdən, pisliklərdən təmizlənmək üçün tonqaldan tullanırlar.

Novruz süfrəsini xonçasız təsəvvür etmək çətindir. Səməninin ətrafına milli şirniyyatlar: paxlava - yer kürəsinin 4 istiqamətini, qoğal-günəşi, şəkərbura-ayı, rənglənmiş yumurta-həyatı simvolizə edir. Adətə görə süfrədə “S” hərfi ilə başlayan 7 məhsul olmalıdır: səbzi, sumaq, sirkə, səməni və s. Bayram süfrəsinin əsas bəzəyi şah plovdur. Novruz bayramı qonşuları, dostları xonçaya yığılmış şirniyyatlara qonaq etməklə davam edir.

Bayramın ikinci günü vəfat etmiş doğmaların, yaxınların xatirəsini yad etmək məqsədilə mərhumların qəbirləri ziyarət edilir.

Novruz şənliklərini aşıqlar, xanəndələr, xalq müğənnilərin konsertləri bəzəyir. Burada kəndirbazlar, pəhləvanlar öz güclərini nümayiş etdirir, meydanlarda kosa və keçəlin iştirakı ilə gülməli tamaşalar göstərilir. Kosa qışı, keçəl isə yazı simvolizə edir. Söz yarışmasında, əlbəttə ki, keçəl qalib gəlir. Kənd yerlərində at yarışları – çovqan oyunu keçirilir.

UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 2009-cu il 28 sentyabr – 2 oktyabr tarixlərində keçirilən dördüncü sessiyası zamanı "Novruz" çoxmillətli nominasiya kimi, (Azərbaycan, Hindistan, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan) UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ siyahısına daxil edilib.