Şimali Kipr Türk Cümhuriyyətinin təhsil naziri Nazim Çavuşoğlu Teleqraf.com-un suallarını cavablandırıb.

- Cənab nazir, Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyətinin təhsil sahəsindəki əlaqələrini necə dəyərləndirirsiniz?

- Hazırda iki ölkənin təhsil sahəsində əlaqələri geniş inkişaf etməkdədir. Azərbaycanla Şimali Kipr Türk Cümhuriyyəti arasında ali təhsil sahəsində əlaqələri hazırda davam edir. Universitetlərimizdə 300 azərbaycanlı tələbə təhsil alır. Əvvəlki illərdə bu rəqəm daha çox idi.

Biz ali təhsil sahəsində əlaqələrimizi və tələbə axınını yaxşılaşdırmaq istəyirik. Azərbaycan universitetləri ilə görüşlərimizdə akademik kadr mübadiləsini də planlaşdırırıq.

- Ötən gün təhsil nazirimiz Emin Əmrullayev ilə görüşünüz baş tutdu. Bu sahədə nə kimi işbirlikləri etməyi planlaşdırırsınız?

- Bəli, Azərbaycanın təhsil naziri Emin Əmrullayev ilə görüşümüzdə ixtisasartırma və müəllimlərin dəyişdirilməsi proqramlarını nəzərdən keçirdik. Sosial və mədəni proqramlarla tələbələri bir araya gətirməyi qarşımıza məqsəd qoyuruq. Bunun üçün çalışacağıq.

- Hazırda Şimali Kipr Türk Cümhuriyyətində 300 azərbaycanlı tələbənin təhsil aldığını vurğuladınız. Bəs, KKTC-dən ölkəmizdə neçə tələbə təhsil alır?

- Bəli, universitetlərimizdə 300 azərbaycanlı tələbə təhsil alır. Azərbaycanda isə KKTC-dən təhsil alan tələbə yoxdur. Çünki bu, bizim üçün yeni bir coğrafiyadır. Münasibətlərimiz inkişaf edir. Bunu qarşılıqlı şəkildə inkişaf etdirmək üçün universitetlərlə əməkdaşlıq və ikili diplomları müzakirə edirik. Bunların inkişafı üçün vaxt lazımdır. Müəyyən müddətdən sonra bu əməkdaşlıqlar öz bəhrəsini verəcək.

- Türkiyə və Azərbaycan prezidentləri tərəfindən dəstəklənən Türkiyə-Azərbaycan Universiteti fəaliyyətə başlayacaq...

- Türkiyə-Azərbaycan Universiteti ilə birlikdə KKTC ilə Azərbaycanın ortaq şəkildə qurulacağı bir universitetdən çox şad olarıq.

- Azərbaycanın azad olunmuş torpaqlarına, xüsusilə Şuşaya getmək istərdinizmi?

- Sabah Şuşaya gedəcəyik. Mən Azərbaycanın torpaqlarını azad etməsindən çox xoşbəxtəm. Türkün bayrağını uca tutduğumuz üçün sevinirəm. Düşmən işğalı altında olan torpağın hər qarışını xilas etmək üçün həmişə bir yerdəyik.

- Cənab nazir, Bakıya ilk dəfə gəlmisiniz. Ölkəmiz haqqında təəssüratınız maraqlıdır.

- Bakı küçələrini çox təmiz və müasirdir. Azərbaycan xalqı da, şəhər də gözəldir. Hər şey bizi məmnun edir.