Bakıda Şimali Kipr universitetlərinin tanıdılması məqsədilə sərgi keçirilib.
Teleqraf.com xəbər verir ki, tədbirdə çıxış edə Şimali Kipr Türk Respublikasının təhsil naziri Nazım Çavuşoğlu iki ölkə arasındakı dostluq münasibətindən danışıb: "Bu gün Bakıya gəldiyimiz və təhsil sahəsi üçün bir araya gəldiyimiz üçün çox xoşbəxtik. Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyəti 100 illərdir bir-birindən ayrı düşdü. Amma bu ayrılığı coğrafi olaraq qəbul etdik, qəlbimiz daim bir idi. Bir dövlət, üç millətik!"
Nazir onu da bildirib ki, Şimali Kipr Türk Cümhuriyyətində 23 universitet fəaliyyət göstərir:
"Vətənimizdə 100 ölkədən çox tələbələr təhsil alır. Bizim dil, din və irqi ayrı-seçkiliyimiz yoxdur. Dünya universitetləri arasında 500-600-cı sırada olan universitetlərimiz var. Təhsil sahəsində çox iddialıyıq. Hazırda 300 azərbaycanlı tələbə ölkəmizdə təhsil alır. İki ölkə arasında təhsil sahəsində əməkdaşlığı genişləndirmək üçün işbirliyimiz daha da inkişaf edəcək".
Qeyd edək ki, sərgidə Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı Təmsilçiliyinin rəhbəri Ufuk Arca Turganer və bir çox ictimai-siyasi şəxslər iştirak ediblər.