Nazirlər Kabinetinin qərarına əsasən ibtidai siniflərdə "Azsaylı xalqların dili" fənni tədris ediləcək. Elm və Təhsil Nazirliyi I-IV siniflər üçün "Azsaylı xalqların dili" fənni üzrə hazırlanan dərslik komplektlərinin növbəti tədris ilində məktəblərə çatdırılacağını açıqlayıb.

Elm və Təhsil Nazirliyi Teleqraf.com-un məsələ ilə bağlı suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Nazirliyin yaydığı məlumatda hazırda I-IV siniflər üçün "Talış dili", "Saxur dili", "Xınalıq dili" və I sinif üçün "Haput dili" dərslik komplektlərinin çapı üzrə işlər aparıldığı vurğulanıb. Dillər üzrə seçim hansı əsasda aparılıb?

- Azsaylı xalqların kompakt yaşadıqları ərazi, dərslik hazırlamaq səriştəsi olan müəllif kollektivi, müvafiq məktəblərdə həmin fənni tədris edəcək müəllimlərin olması əsas götürülüb.

- Kitabların məzmunu necədir? Yalnız dil öyrədiləcək?

- Qeyd edək ki, məktəblərdə bu tədrisə artıq start verilib. Müvafiq dildə dinləyib anlama, oxuyub anlama, danışma və yazı bacarıqları öyrədilir.

- Fənn təkcə həmin etnik xalqların yaşadığı ərazilərdə keçirilir, yoxsa bütün ölkə üzrə ümumtəhsil müəssisələrini əhatə etməlidir?

- Əlbəttə ki, yalnız müvafiq azsaylı xalqın kompakt yaşadığı ərazilərdəki məktəblərdə keçirilir.

- Tədrisin dövriliyi necədir? Həftə ərzində neçə dəfə və neçə saat nəzərdə tutulub?

- Plana əsasən bu fənn həftədə 1 saat tədris olunur. Məktəbin pedaqoji şurasının qərarı ilə dərsdənkənar məşğələlərə ayrılmış 1 saat da bu fənnin tədrisinə əlavə edilə bilər. Yəni məktəb istədiyi halda fənnin tədrisini həftədə 2 saat edə bilər.

- Bu fənni tədris edəcək mütəxəssislər varmı?

- Ümumilikdə bəli. Yalnız məktəbdən məktəbə vəziyyət fərqlənir.

Həmçinin bildiririk ki, bu fənn həmişə tədris olunub və hazırda da tədris edilir. Sadəcə növbəti dərs ilində üç azsaylı xalqın dilindəki dərsliklər yenilənəcək.