Azərbaycan Cümhuriyyətinin işğalından sonra mühacirətə gedən siyasilər, ziyalılar, tələbələr, yazarlar yaşadıqları ölkədə təşkilatlanaraq müxtəlif birliklər qurublar. Siyasi təşkilatlarla yanaşı gənclər, tələbələr birlikləri də fəaliyyət göstərib. “Azəri-Türk Gənclər Birliyi”, “Azərbaycan Tələbələr Birliyi” kimi təşkilatlar buna misaldır.
Gənclər və tələbələr təşkilatları milli bayramları qeyd etmək, milli oyunlar, rəqslər sərgiləmək, fikir müzakirələri aparmaq məqsədilə qurulsalar da, bəzən mühacirətdaxili siyasi qruplaşmaların da içində olublar. Xüsusilə Məhəmmədəmin Rəsulzadə ilə Məhəmmədsadıq Axundzadə (Aran) arasında olan mübahisələr sonuncunun ağır ittihamlarına səbəb olub.
Mühacirətdə muğam ustadımız Məşədi Məhəmməd Fərzəliyevin (Türkiyədə Mehmed Ferzalı və Mehmed Çaylı kimi tanınıb) rəhbərliyində Azərbaycan Musiqi Heyəti də qurulub və onların bir neçə səs yazısı günümüzə qədər çatıb.
Təşkilatlarla bağlı ilk yazımızda Azəri-Türk Gənclər Birliyindən bəhs edəcəyik.
***
Azəri-Türk Gənclər Birliyi 1924-cü ildə İstanbulda qurulub. Müsavat firqəsinin xarici bürosunun nəzdində Azərbaycan Gənclər Birliyi adı ilə yaradılıb. Təşkilatın ilk sədri Cümhuriyyət parlamentinin üzvlərindən Məhəmmədsadıq Axundadə (Aran), katibi isə İsmayıl Sarıimanqulu oğlu olub. Fəal mühacirlərdən Səlim Ağasıbəyli, Şəfi Rüstəmbəyli, Məhəmməd Ağaoğlu, Niyazi Yusifbəyli (Kürdəmir), Mirzə Hacızadə, Hüseyn bəy Mirzəcamalbəyov, İsgəndər xan Xoyski təşkilatın üzvləri olublar. Təşkilatın keçirdiyi tədbirlər haqqında bilgilər “Yeni Kafkasya”, “Azeri-Türk”, “Odlu Yurt” kimi mühacirətdə çıxan jurnallarla yanaşı Türkiyənin “Cumhuriyet”, “Akşam” kimi qəzetlərində də bilgilər verilib. Təşkilatın adı bəzi qəzetlərdə “Azərbaycan Gənclər Birliyi” kimi verilsə də, sonradan daha çox “Azəri-Türk Gənclər Birliyi” şəklində davam edib. Bəlkə də, buna görədir ki, mətbuatda təşkilatın ildönümü ilə bağlı baş tutan tədbirlər haqqındakı bilgilərdən təşkilatın 1926-cı ildə qurulduğu da qeyd olunub.
Böyük ehtimalla təşkilat 1924-1926-cı illərdə “Azərbaycan Gənclər Birliyi” kimi, daha sonra “Azəri-Türk Gənclər Birliyi” olaraq fəaliyyət göstərib. Amma bu da maraqlıdır ki, “Hakimiyeti-Milliye” qəzetindəki bilgidə 12 yanvar 1929-cu ildə Azərbaycan Gənclər Birliyinin ildönümü münasibətilə Türk Ocağında tədbir keçirildiyi qeyd olunub.
Türküstan gəncləri ilə ittifaq
1928-ci ildə Azərbaycan Gənclər Birliyi ilə Türküstan Gənclər Birliyi arasında ittifaqla bağlı sənəd imzalanıb.
Sənəddə ittifaqın səbəbi bu şəkildə qeyd olunub: “Son bolşevik istilasından sonra hər iki ölkədən müxtəlif səbəblərlə xaricə gedən münəvvər gənclərdən bir qismi bu gün azad və müstəqil qardaş Türkiyə bayrağı altında əsir yurdlarının istiqlalı, tərbiyə və tərəqqisi uğrunda böyük bir əzm və sarsılmaz bir imanla çalışırlar. Hər iki gəncliyin hədəfi eyni, məqsəd və mənfəəti müştərəkdir.
Türkə, türk torpağına yaraşmayan istila kabusunu bu iki türk ölkəsi üzərindən dəf etmək və yerinə hürriyyət və azadlıq gətirməkdədir. Madam ki, bu cəbhədə iki gənclik də müttəfiqdir, o halda əməllərin tez hasil olması və qayənin bir an əvvəl həyata keçməsi üçün qardaş Azərbaycan-Türküstan gənclərinin əl-ələ verərək müttəfiq olaraq hərəkət etmələri vacibdir”.
Təşkilatın 1929-cu ilin may ayında baş tutan yığıncaqlarında sədr Məhəmmədsadıq Axundzadənin fəaliyyəti ağır şəkildə tənqid edilib. Belə ki, 27 may 1929-cu ildə, cümə günü Milli Sənaye Birliyinin salonunda təşkilatın ümumi toplantısı keçirilib. 2 may 1929-cu ildə baş tutan toplantıda seçilən təftiş heyətinin təklif və tələbi ilə çağırılan yığıncaqda birliyin sabiq idarə heyətinin sədri Məhəmmədsadıq Axundzadənin cəmiyyətin fəaliyyəti haqqındakı raportu dinlənilib, ardınca Hüseyn Camal bəy və Səlim bəy təşkilatın iki illik fəaliyyəti ilə bağlı apardıqları təhqiqatın nəticələrini bölüşüblər.
“Odlu Yurt” jurnalı təftiş heyətinin nəticələrini bu şəkildə təqdim edib: “Təftiş heyəti “Gənclər Birliyi”nin işlərini çox bərbad, qeyri-müntəzəm, üsulsuz, başsız-ayaqsız bir halda gördüklərini qeyd edərək bu vaxta qədər olan fəaliyyətin nizamnaməyə uyğun olmadığını, əksərən rəisin özbaşına və nizamnamə xaricində, birliyin idarə heyətinin fikrinin qətiyyən alınmadan edilmiş olduğunu söyləmişdir. Təftiş heyəti nizamnaməyə görə “Azəri Türk Gənclər Birliyi” adında bir cəmiyyətin mövcud olub-olmadığına şübhə etdiyini, çünki nizamnamənin gərəyincə cəmiyyətə bu vaxta qədər bir nəfər də olsa, üzv qəbul edilmədiyini, indiki toplantıdan rəisdən başqa kimsənin xəbəri olmadığı, idarə heyətinin nə məsrəflər, nə də fəaliyyət haqqında müştərək bir qərarları mövcud olduğu, cəmiyyətin sənədləri, gəlir və çıxar sənədləri, üzvlük siyahısı və s-nin olmadığı, rəisin nizamnamə və idarə heyəti xaricində özbaşına bir çox işlər gördüyü meydana çıxmışdır. Birliyin bütün fəaliyyəti bu günə qədər bir-iki konfrans ilə bir-iki möhtac azəriyə yardımdan ibarət olmuşdur”.
Təftiş heyətinin raportundan sonra yığıncaq əksəriyyəti lisey tələbələrindən ibarət yeni idarə heyəti seçib. Məhəmmədsadıq Axundzadə (Aran) isə rəhbərlik etdiyi “Azeri Türk” jurnalında bu tədbirin 24 mayda Cağaloğlunda İstanbul Milli Sənaye Birliyinin salonunda baş tutduğunu bildirib, yeni rəyasət heyətinə Həmzə, Süleyman, İskəndər, Şükrü bəylərin seçildiyini, Zahid və Niyazi bəylərin namizəd olduğunu qeyd edib. “Odlu Yurt”da dərc olunan xəbəri isə tənqid edib.
Rəsulzadə cinahı ilə Məhəmmədsadıq Aran arasında baş tutan bu qalmaqallar nəticəsində 1929-cu ilin iyul ayında iki şəxs birlikdən çıxarılıb. “Azeri-Türk” jurnalında bu barədə yazılıb: “24 iyul çərşənbə günündə keçirilən ümumi yığıncaqda bir çox mühüm qərarlar verilib. Birliyin maddi və mənəvi fəaliyyətinə zərbə vuran Mirzəbala Məhəmmədzadə və birliyi təhqir edən Səlim Ağasıbəylinin birlik üzvlüyündən çıxarılmalarına yekdilliklər qərar verilib”. Bu çıxarılmalar onu göstərir ki, təşkilat bu mübarizədə Məhəmmədsadıq Aranın nəzarətində qalıb.
Bu tənqidlərə baxmayaraq Məhəmmədsadıq Aran məsul müdiri olduğu “Azeri Türk” jurnalının 1929-cu il noyabr nüsxəsində təqdim etdiyi hesabatda birliyin 4 il ərzində sənədlərə əsasən 39 möhtac tələbəyə maddi kömək etdiyi, bir çox azərbaycanlı gənclərin məktəblərə daxil olmalarına dəstək olduğunu, 32 tarixi-ictimai konfrans, 7 xüsusi müsamirə tərtib etdiyini qeyd edib. Jurnalda Şəfi bəy Rüstəmbəyli, Xəlil bəy Xasməhəmməd və Əbdüləli bəy Əmircanın birliyin büdcəsini haqsız olaraq başqa işlərə sərf etdiyini və M.Rəsulzadənin də bu qərarı dəstəklədiyini iddia edib. Aran “Azeri-Türk” məcmuəsinin 30-cu sayında M.Sisyanlı imzası ilə bir daha təşkilatın siyasi liderlər tərəfindən öz məqsədləri daxilində istifadə olunduğu iddiasını təkrarlayıb. Amma bir il sonra - 1930-cu illərin əvvəlində Aran Finlandiyaya yola düşüb.
Təşkilatın 1934-cü ilə aid bir tədbirindən yeni sədrin Hüseyn Camal bəy olduğu bəlli olur. Bu şəxs Müsavat firqəsi üzvlərindən Hüseyn bəy Mirzəcamalbəyovdur (1884, Şuşa – 13.04.1974, İstanbul). Türkiyədə Hüseyn Cemal Yanar kimi tanınıb.
Təşkilatın keçirdiyi tədbirlər
27 dekabr 1930-cu ildə axşam saatlarında təşkilat İstanbuldakı azərbaycanlıların şərəfinə Müəllimlər Birliyində çay ziyafəti verib. Birlik üzvlərindən ibarət orkestr milli havalar ifa edib, milli rəqslər oynayıblar.
9 yanvar 1931-ci ildə, cümə günü saat 13-də Sultan Əhməddə Mehmed paşa yoxuşunda yerləşən Türküstan Gənclər Birliyinin salonunda Azərbaycan ədəbiyyatı ilə bağlı tədbir keçirilib. “Akşam” qəzetində verilən elanda Azərbaycan saz heyətinin iştirakı ilə Azərbaycan ədəbiyyatı haqqında əyləncəli konfrans olacağı bildirilib.
11 fevral 1932-ci ildə İstanbulda Ambasadör salonunda milli tədbir keçirilib. “İstiqlal” qəzetində verilən xəbərdə tədbir haqqında belə məlumat verilib: “Ramazan bayramının son günlərinə təsadüf edən və vətəncüda azərilərə vətən ab-havasında bir gecə yaşadan Azəri-Türk Gənclər Birliyinin bu müsamirəsi çox müvəffəqiyyətli keçdi və səhərə qədər davam etdi”.
Qəzet Azərbaycan Musiqi Heyəti və Azərbaycan Tələbələr Birliyinin bu tədbirdə iştirak etməməsinin doğru olmadığını, hər iki birliyin heyətinin zəif olduğunu, ona görə də birlikdə fəaliyyət göstərmələrinin vacibliyini qeyd edib.
8 mart 1934-cü ildə təşkilatın qurulmasının 8-ci ildönümü münasibətilə tədbir keçirilib. Ayazpaşa Park hotelində keçirilən tədbirdə Azərbaycanla yanaşı Krım, Türküstan və Kazan milli rəqsləri oynanılıb, İstanbulun rəsmi və qeyri-rəsmi məşhur şəxsləri iştirak ediblər.
1 iyun 1934-cü ildə təşkilat İstanbulun Kuzguncuk ərazisindəki Nakkaştepedə gəzinti təşkil edərək 28 may bayramını qeyd ediblər.
Təşkilatın sədri Camal bəy 28 may İstiqlal gününün tarixindən bəhs edib, Azərbaycan, Anadolu, Krım və Türküstan oyunları oynanılıb, milli mahnılar çalınıb.
Qeyd edək ki, siyasi liderlər də təşkilatda mühazirələr oxuyublar. Məhəmmədəmin Rəsulzadə 1925-ci ildə çap olunan “İstiqlal məfkurəsi və gənclik” adlı kitabçasındakı mühazirəsini təşkilatın təşkil etdiyi konfransda gənclərə çatdırıb.
Şəxsi kolleksiyamızda isə birliyin rəngli kağızda çap etdiyi Azərbaycan bayrağının təsviri mövcuddur.
