BAKI, 2 oktyabr. TELEQRAF
Xəzər regionu hətta Şimal dənizi ilə rəqabət apara biləcək potensiala malikdir.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən Mərkəzi Asiya, Monqolustan, Qafqaz və Əfqanıstan (CAMCA) Regional Forumunda çıxışında deyib.
O qeyd edib ki, Azərbaycan iqlim diplomatiyası çərçivəsində yaşıl gündəliyi tam dəstəkləyir:
Lakin bizim dediyimiz budur ki, “yaşıl fanatizm” olmamalıdır. Yaşıl enerji və yaşıl texnologiyaların inkişafına realist yanaşma olmalıdır.
Karbohidrogen ixrac edən ölkə olmaqla yanaşı, Azərbaycan eyni zamanda yaşıl enerjiyə keçidi fəal şəkildə dəstəkləyir və yaşıl texnologiyalar əsasında elektrik enerjisi ixracatçısına çevrilirik.
Həmçinin Mərkəzi Asiyanın potensialını Azərbaycanın potensialı ilə bir araya gətirir və bu elektrik enerjisi potensialını Avropa qitəsinə çatdırırıq.
Amma yaşıl enerji ilə bağlı strateji düşüncəmiz bundan da irəli gedir. Avropa rəqəmsal transformasiya və süni intellektin inkişafını prioritet kimi müəyyənləşdirib və bunlar çox böyük həcmdə elektrik enerjisi tələb edir. Avropanın isə belə həcmdə elektrik enerjisini tam şəkildə özü istehsal etmək imkanları yoxdur”.
H. Hacıyevin sözlərinə görə, Xəzər regionunda məqsəd bir-birini tamamlayaraq Avropa bazarına əlavə və ən çox ehtiyac duyulan enerji resurslarını çatdırmaqdır:
“Lakin eyni zamanda, yenə də “yaşıl fanatizm”i bir kənara qoyaq: karbohidrogenlər olmadan tam enerji təhlükəsizliyini təmin edə bilmərik.
Burada Azərbaycan yenə də ümumavropa enerji təchizatçısı kimi çıxış edir və Avropanın enerji təhlükəsizliyini təmin edir. Avropa qitəsində 16 ölkə, onlardan 10-u Avropa İttifaqına üzv ölkələr olmaqla, Azərbaycandan qaz idxal edir.
Biz bu gündəliyi genişləndirməyi nəzərdə tutduğumuz üçün düşünürəm ki, enerji ilə yanaşı, bağlantı məsələsi də əhəmiyyətlidir.
Bütün bu elementlər Azərbaycanın yeni, daha geniş iqtisadi diplomatiya konsepsiyasının tərkib hissəsidir”.