BAKI, 2 oktyabr. TELEQRAF
Təəssüf ki, ABŞ-nin əvvəlki administrasiya dövründə müəyyən çətinliklərlə üzləşmişdik. Həmçinin əvvəlki administrasiyanın regiona münasibətində, xüsusilə regionda blokların formalaşdırılmasına yönəlmiş siyasi yanaşmanı da görmüşük.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən Mərkəzi Asiya, Monqolustan, Qafqaz və Əfqanıstan (CAMCA) Regional Forumunda çıxışında deyib.
O qeyd edib ki, ötən il keçirilən Vaşinqton sammiti yalnız Ermənistan-Azərbaycan sülh gündəliyindən ibarət deyildi:
“Biz bu fürsətdən ABŞ-Azərbaycan münasibətlərini yeni strateji səviyyəyə yüksəltmək üçün istifadə etdik.
Lakin biz ABŞ-nin bu regiondakı strateji düşüncəsinə və strateji maraqlarına qayıtmaq istəyirdik. Buna görə də Ermənistan-Azərbaycan sülh gündəliyi və həmçinin Ermənistan-Azərbaycan sülh sazişinin ilkin paraflanması bizim üçün “Kemp-Devid prosesi” idi.
“Kemp-Devid” deyəndə Fələstin istiqamətini deyil, İsrail-Misir istiqamətindəki Kemp-Devid prosesini nəzərdə tuturam. Bu proses Yaxın Şərqin bütün regionunu tamamilə dəyişdi və ABŞ-nin regionla uzunmüddətli strateji əlaqəsini təmin etdi.
Biz də belə bir strateji düşüncə ilə Vaşinqtona getdik və ABŞ-Azərbaycan əməkdaşlığını həmin səviyyəyə yüksəltdik.
Əminik ki, qarşıdakı administrasiya Amerika xalqının siyasi seçimindən asılı olmayaraq sülh gündəliyinə sadiq qalacaq və bu sülh gündəliyi əsasında regiona yönələcək”.