İki il öncə – 2014-cü ildə Hollandiyanın Almelo şəhərindəki mitinqdə etdiyi çıxışa görə ermənilərin məhkəməyə verdiyi Hollandiya Azərbaycan Türk Kültür Dərnəyinin sədri İlhan Aşkın dekabrın 6-da məhkəmə qarşısına çıxarılıb. Diasporla İş üzrə Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, budəfəki iclasda yalnız müəyyən məlumatlar, şahidlərin qəbul edilməsi, növbəti məhkəmə prosesinin detalları müzakirə edilib və məhkəmə 2017-ci il martın 3-nə təyin olunub.
Bu ilin oktyabrın 4-də məsələ ilə bağlı ifadə vermək üçün polis idarəsinə dəvət edilən diaspor rəhbəri burada 4 saatdan artıq ifadə verdiyini bildirərək, məsələ ilə bağlı iki il sonra iddia qaldıranlardan ikisinin erməni federasiyasının üzvü, birinin isə Hollandiya vətəndaşı olduğunu əlavə edib. İ.Aşkın deyib ki, məhkəmə heyətinin təyin etdiyi iki ekspertdən biri qondarma erməni soyqırımı iddialarını müdafiə edən Erik van Zukerin türklərə qarşı mövqeyi bəllidir və onun bu məsələdə nə qədər səmimi olacağı şübhə altındadır.
Diaspor rəhbəri məsələ ilə bağlı türk kökənli hollandiyalı akademik, tarixçi Armand Sağla görüşüb və hesabatın hazırlanması qərara alınıb: “Artıq bu istiqamətdə fəaliyyətə başlayan Armand Sağın məhkəmədən öncə hesabatı hazırlayıb bitirməsi və martın 3-də məhkəməyə təqdim olunması nəzərdə tutulub”.
Məhkəmə prosesinin keçirildiyi binanın qarşısına toplaşan Hollandiya, Belçika, Almaniya və digər ölkələrdən gəlmiş Azərbaycan və türk diaspor təşkilatlarının nümayəndələri diaspor rəhbərinə dəstək nümayiş etdiriblər.
Xatırladaq ki, Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İ.Aşkın 2014-cü ildə Almelo şəhərində qondarma erməni soyqırımı abidəsinin tikintisinin qarşısını almaq məqsədilə türk təşkilatlarının keçirdiyi birgə etiraz aksiyasında çıxış edib. İ.Aşkın Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, azərbaycanlılara qarşı soyqırımı aktı həyata keçirməsi barədə məlumat verib və erməni vəhşiliyini pisləyib. Erməni diasporu İlhan Aşkının guya həmin aksiyada irqçi ifadələr işlətdiyinə görə polisə şikayət edib. Şikayətlə bağlı Şərqi-Niderland polisi araşdırma aparıb və guya İ.Aşkın ermənilərə qarşı şiddəti təşviq etdiyinə – “Qarabağ ermənilərin məzarı olacaq” ifadəsinə görə Hollandiya Cinayət Məcəlləsinin “137 d” maddəsinə əsasən şübhəli bilinir.
Səxavət