“Ermənistan baş naziri Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə razılıq verib”.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Yervand Bozoyan deyib.
Ekspert bildirib ki, Rusiya bölgəyə hərbi qüvvələrini (sülhməramlılar) yerləşdirməklə Qarabağın dağlıq hissəsinin Azərbaycanın tam nəzarətinə keçməsinə mane oldu:
“Bundan sonra erməni qoşunları Kəlbəcərdən çıxarıldı, sülhməramlı qüvvələr Laçın dəhlizinə nəzarət etməyə başladı. Bütün bunlar 10 noyabr razılaşmasına əsasən oldu. Bu anlaşmanın məzmunu əsasında Rusiya Laçın dəhlizinə nəzarət etmək öhdəliyini üzərinə götürə bildi. Bəs sonra nə oldu? Nikol Paşinyan bütün məntiqi dəyişdi. Qərb platformasında elan etməyə başladı ki, Qarabağa Azərbaycan daxilində hansısa statusun verilməsi məsələsi müzakirə edilməlidir.
Paşinyan keçən ilin yazında statusla bağlı “planka”nı bir az aşağı salmağın lazım olduğunu dedi, Praqada bu dediklərini rəsmən təsdiqlədi. Ruslar heyrətlənib dedilər ki, ermənilər Qarabağın Azərbaycanın tərkibində olması ilə razılaşırlarsa, bizim üçün problem yoxdur. Əlbəttə, ruslar ermənilərdən daha çox erməni ola bilməz, bunu tələb etmək dəlilik olardı”.
Politoloq Laçın yolunun tədricən Azərbaycanın nəzarətinə keçdiyini və Ermənistanın bunu dəyişə bilməyəcəyini bildirib: “Azərbaycan nə istədiyini bilir. Bəs Ermənistan hakimiyyəti nə istədiyini bilirmi? Mənə görə bilmir”.
Bozoyan Ermənistan xalqını “dilənçi” adlandırıb:
“Dilənçi heç vaxt tərəfdaş və ya strateji müttəfiq sayılmayacaq. Problem ondadır ki, Nikol Paşinyan erməni xalqını beynəlxalq səviyyədə siyasi dilənçiyə çevirib, artıq dünyadan ciddi addımlar gözləməməliyik. Yəni təsəvvür etdiyimizdən qat-qat çətin vəziyyətdəyik. Paşinyanı dəyişmək belə dünyaya sübut etmək üçün kifayət deyil ki, biz dilənçi deyilik”.
Politoloq vurğulayıb ki, Paşinyanın Qarabağın Azərbaycanın tərkibində qalacağını bəyan etdiyi vaxtdan bir il keçir və bu məsələdən əlini çəkdiyini gizlətmir.