BAKI, 9 oktyabr. TELEQRAF

Oktyabrın 9-da Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirləri arasında 12-ci üçtərəfli görüş keçirilib.

TELEQRAF xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Türkiyənin Ankara şəhərində keçirilən görüşdə xalqlarımız arasında mehriban qonşuluq və dostluq münasibətlərinin, qarşılıqlı əlaqələrin dövlət və hökumət başçılarımızın rəhbərliyi ilə daim inkişaf etdiyi diqqətə çatdırılıb.

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler və Gürcüstanın müdafiə naziri cənab İrakli Çikovani regionda mövcud hərbi-siyasi vəziyyət, üçtərəfli formatda hərbi əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması məsələlərini, eləcə də hərbi, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əməkdaşlığın yeni perspektivlərini müzakirə ediblər.

Görüşdə müdafiə sahəsində üçtərəfli əməkdaşlığın bölgədə sülhün, sabitliyin və təhlükəsizliyin, davamlı inkişafın, eləcə də xalqlarımızın rifahının təmin olunması baxımından mühüm rol oynadığı xüsusi qeyd olunub.

Tərəflər, həmçinin ölkələrimiz arasında keçirilən üçtərəfli və ikitərəfli birgə təlimlərin vacibliyini vurğulayaraq hərbi əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.

Üçtərəfli görüşün yekununa dair protokol imzalandıqdan sonra media nümayəndələri üçün mətbuat konfransı keçirilib.

***

17:55

Bu gün Ankarada Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin görüşü keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, görüşdə Türkiyənin milli müdafiə naziri Yaşar Güler, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Gürcüstanın baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovani iştirak ediblər.

Tərəflər ikitərəfli və üçtərəfli formatda danışıqlar aparıblar. Görüşlərin sonunda "Üçtərəfli Toplantı Protokolu" imzalanıb və nazirlər birgə mətbuat açıqlaması veriblər.

***

12:42

Bu gün Ankarada Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin görüşü keçirilir.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Türkiyənin milli müdafiə naziri Yaşar Gülər azərbaycanlı həmkarı general-polkovnik Zakir Həsənovu və Gürcüstanın baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovanini Ankarada Mərkəzi Ordu Evində qəbul edir.

Görüş çərçivəsində nazir Yaşar Gülər əvvəlcə azərbaycanlı həmkarı Zakir Həsənovla ikitərəfli görüş keçirib. Daha sonra onun İrakli Çikovani ilə də görüşü planlaşdırılıb.

Toplantıda regional təhlükəsizlik, müdafiə sahəsində əməkdaşlıq və üç ölkə arasında birgə fəaliyyət istiqamətləri müzakirə olunacağı gözlənilir.