Teleqraf.com AXC hakimiyyətində Penitensiar Xidmətin rəisi vəzifəsini icra edən Məmməd Zeynalovla müsahibəni təqdim edir:

- Məmməd müəllim, 4 iyun hadisələrinin 23-cü ildönümü ərəfəsində Bakıda deyildiniz. Həmin dövrdə siz də yüksək post tuturdunuz. 4 iyun 1993-cü ildə Gəncədə baş verən qiyam barədə nə deyə bilərsiniz?

- Gəncə qiyamı barədə deyilənlərin hamısı doğrudur. Ancaq Nemət Pənahlının dedikləri yalan və böhtandır. 4 iyun qiyamı ilə bağlı mərhum Əbülfəz Elçibəyin özünün mövqeyi və izahatı olub. Eləcə də İsa Qəmbər və Pənah Hüseynin fikirləri var. Fikrimcə, bu yanaşmalarda həqiqət var. Lakin Rəhim Qazıyev, Nemət Pənahlı bilərəkdən hadisələri özlərinə sərf edən şəkildə danışırlar. Aslan İsmayılov da son günlər bu haqda danışmağa başlayıb. Amma o, daha çox öz nüfuzunu qaldırmaq məqsədilə bəzi şeyləri şişirdərək vurğunu öz üzərinə gətirir. Bu hadisədən yararlanmaq doğru deyil. Həmin dövrdə qiyam baş verdi, biz isə yatıra bilmədik və qiyamçılar qısa müddətə özlərini qalib hesab etdi.

- Siz həmin vaxt Gəncə hava limanını qorumalı idiniz. Bu haqda danışın...

- Həmin vaxt mən Gəncə hava limanında əyləmişdim. Biz Bakıdan Gəncə aeroportunu nəzarətə götürməyə getmişdik. Məqsəd bu idi ki, son anda qiyamçılar başqa yerə gedə bilməsin, eləcə də Gəncəyə Rusiya və digər ölkələrdən təyyarə enməsin. Biz aeroportda bir müddət qaldıq. İyunun 5-də Surətə bağlı silahlı dəstələr Gəncə aeroportuna hücum etdilər. Bu zaman döyüş oldu, gülləbarana məruz qaldıq. Ayağımdan yaralandım. Bundan sonra Surətə bağlı qüvvələr hava limanını götürdü, biz də Bakıya döndük və mən “Semaşko” xəstəxanasında bir müddət müalicə aldım.

- Gəncə aeroportu uğrunda döyüşlər zamanı həlak olan oldumu?

- Yox, ölən olmadı. Beş nəfər yaralandı.

- Bu hadisələrin üzərindən 23 il ötüb. Sizcə, nə baş vermişdi?

- Hiss olunurdu ki, qiyamçı Surət Hüseynov həm hərbi, həm mənəvi gücə, həm də siyasi dəstəyə tam arxayındır. Əks halda o, dövlətə qarşı belə riskli hərəkət edə bilməzdi.

- Həmin dövrdə AXC hakimiyyətinə ana müxalifət olan qüvvənin fəaliyyətini necə qiymətləndirirsiniz?

- O zamankı müxalifətə ana müxalifət deyil, xəyanət yolu tutmuş müxalifət demək lazımdır. O cümlədən də, bu müxalifətə rəhbərlik edən şəxslərə. Onlar xalqa qarşı düşmən mövqedə dayandılar, şəxsi maraqlarını hər şeydən üstün tutdular və hesab etdilər ki, Elçibəy yıxıldıqdan sonra hakimiyyətə gəlmək, prezident kreslosunda əyləşmək imkanı olacaq. Zatən, həmin ana müxalifət bu iddialarla prosesə qoşulmuşdu, qiyama siyasi dəstək verirdi.

- Ancaq qiyamın nəticəsi olaraq Elçibəy hakimiyyətdən getsə də, onlar hakimiyyətə gələ bilmədi...

- Bəli. Çünki başqa variant, çıxış yolu yox idi. Hər şeyin nəticəsi müqayisədə ortaya çıxır. Məsələn, həmin dövrdə Gürcüstanda da belə olay baş verdi. Prezident Qamsaxurdiya geri çəkilmədi, Gürcüstanı sevməyənlərə qarşı vuruşdu və məğlub oldu. Məzarının harada olduğu da bilinmədi. Nəzərə alın ki, həmin dövrdə Qamsaxurdiyanın Gürcüstanda nüfuzu heç də Elçibəyin Azərbaycandakı nüfuzundan az deyildi. Ancaq o, bu nüfuzuna rəğmən bir şey edə bilmədi və sonda məhv oldu. Ancaq Əbülfəz Elçibəy daha loyal xətt tutdu və bir kəsin burnu qanamadan ölkədə situasiya dəyişdi. Özü prezidentlikdən olsa da, xalqı qorudu, ölkənin daha pis ssenarilərə doğru aparılması planlarının qarşısında xətt çəkdi.

- Yeri gəlmişkən, siz AXC iqtidarı zamanı Penitensiar Xidmətin rəisi olmusunuz. Nemət Pənahlı həbsdə olsa da, qəfildən Gəncədə necə ortaya çıxdı?

- Nemət Pənahlı deyir ki, onu həbs ediblər, ancaq mübarizə apararaq azadlığa çıxıb və Gəncədə peyda olub. Bu, tamamilə cəfəngiyyatdır. Bəli, Nemət Pənahlı həbsdə idi, ona qarşı cinayət işi açılmışdı. Yəni bizim nəzarətimizdə idi.

- Bəs necə oldu qəfildən həbsdən yoxa çıxdı və Gəncədə baş qiyamçı Surət Hüseynovun yanında peyda oldu?

- Nemət Pənahlının həbsdən qaçaraq qiyamçılara qoşulması kimi məsələ yox idi. Bu adam həbsdə idi. Həbsdən də tam qanuni olaraq azadlığa buraxılmışdı. Yəni onun azadlığa çıxması zamanı hər hansı qanun pozuntusuna yol verilməmişdi. O, ayrı məsələdir ki, Nemət Pənahlının həbsdən buraxılması üçün xahiş edilmişdi. Bu xahişdən sonra Pənahlı müvafiq qanuni prosedurlara əməl edilərək azadlığa çıxa bilmişdi. Reallıq bundan ibarət idi. Onu səhv etmirəmsə, 4 iyun Gəncə qiyamına bir ay qalmış azadlığa buraxdılar. Onun azadlığa buraxılmasını məşhur bir siyasi xadim xahiş etmişdi. İndi yekə-yekə deyir ki, həbsdə mübarizə apararaq azadlığa çıxa bilib. Həbsdə sən nə mübarizəsi apara bilərsən? Yüzlərlə məhkumdan biri idin.

- Siz qiyama görə günahkarlar sırasında AXC hakimiyyətini görmürsünüz?

- Bu, kövrək hakimiyyət idi. Düşmənləri də çox idi. Bunun da qarşısında tab gətirmək mümkün olmadı. Reallıq budur.

- Surət Hüseynovla sonuncu dəfə nə zaman görüşmüsünüz?

- Onun məhkəməsi zamanı mən də şahid qismində çıxış etdim. Məhkəmə prosesində Surətin əleyhinə ifadə vermədim.

- Qiyamçıya pislik etmək istəmədiniz?

- İnsan əgər çətin vəziyyətdədirsə, dəmir barmaqlıq arasında oturubsa, ona pislik etməyə dəyməz. Onsuz da Allah Surətə ən böyük cəzanı vermişdi. Durub mən də pislik edəsi deyildim ki.

- Surətlə tanışlığınız var idimi?

- Qiyabi tanıyırdım. Müharibə gedişatı zamanı onunla hansısa məsələləri müzakirə etmişəm. Mövzu ancaq müharibə ilə bağlı olub. Ancaq qiyama başlayandan sonra belə bir adamı tanımaq belə istəmədim. Surət xalqın səsi ilə prezident kürsüsündə əyləşən və xalqını özünün övladları qədər sevdiyi bir kişiyə qarşı çıxdı və bunu xarici və daxili düşmənlərin fitnəsi ilə həyata keçirdi. Mənim heç vaxt Surətlə şəxsi mənada ünsiyyətim, tanışlığım və dostluğum olmayıb.

- Həmin vaxt AXC hakimiyyəti həbsdə olan insanları azadlığa, daha doğrusu, müharibəyə göndərmişdi. Doğrudanmı, sonradan bu məhkumların çoxu Surət Hüseynovun ətrafında cəmləşdi və mərkəzi hakimiyyətə qarşı üsyana qalxdı?

- Yox. Ola bilərdi ki, 5-6 nəfər Surətin yanına getsin. Ancaq həbsdən müharibəyə gedənlərin çoxu böyük şücaətlər göstərdi. Onların bir qismi şəhid oldu, bir qismi yaralandı. Düzdür, meşə çaqqalsız olmur. Ancaq bu qərarı səhv addım hesab etmirəm. Bütün müharibə aparan dövlətlərin təcrübəsində belə addımlar olub. 18 yaşında uşağı ölümə göndərincə, 30-40 yaşında dustağı göndərmək pis hal deyil. Üstəlik bu dustaqların çoxu ağır cinayət törədən şəxslər idi. Biz də onları cəbhəyə göndərdik. Düzdür, onların içərisində az da olsa, qabiliyyətsizləri oldu, amma 99 faizi necə lazımdırsa vuruşdu.

NEMƏT