“Azərbaycan Evi”nin rəhbəri Elxan Mirhəşimli: “Ailəli insanlara ayda 1350 avro və əlavə pul verilir”
28 may Respublika günü ilə əlaqədar, xaricdə yaşayan azərbaycanlıların təşkilat rəhbərləri ilə silsilə müsahibələrdən biri də Niderlandda “Azərbaycan Evi”nin rəhbəri Elxan Mirhəşimli olub.
E.Mirhəşimliyə orada yaşayan soydaşlarımızın hazırkı vəziyyəti, o cümlədən Respublika günü ilə əlaqədar keçiriləcək tədbirlər planı ilə bağlı suallar verdik.
- Elxan bəy, 28 may Respublika günü ilə əlaqədar keçiriləcək tədbirlər nədən ibarətdir və soydaşlarımızın iştirakından gözləntiləriniz necədir?
- Bildiyiniz kimi, 28 may 1918-ci il ilk Azərbaycan Demokratik Respublikasını yaranması günüdür. Bu münasibətlə hər il olduğu kimi, bu il də Niderlandda bir çox tədbirlərin keçirilməsi planlaşdırılıb. Bu il təşkilatımız Niderland mediasina tanıtım müsahibəsi hazırlayıb. Müsahibə 28 may haqqındadır. Biz bu sahədə Niderland ictimaiyyətini maarifləndirmək istəyirik. Ümid edirik ki, müsahibəmizi lazımi səviyyədə yayımlayacaqlar. Hollandiyada bir çox təşkilatlar, o cümlədən Azərbaycan və türk qurumları da tədbirlər keçirməyə hazırlaşırlar. Bu tədbirlərlə bağlı təşkilatımıza da artıq dəvətnamə göndərilib.
Mümkün olduqca, biz bu tədbirlərə qatılacağıq.
- Niderlandda yaşayan soydaşlarımızın həyat səviyyəsi də çox maraqlıdır. Azərbaycanlılar orada sosial inteqrasiyaya necə nail olurlar?
- Bütün ölkələrdə olduğu kimi, burada da yaşayış səviyyəsinə görə, insanlar 3 təbəqəyə bölünür: Aşağı, orta və yüksək səviyyədə yaşayanlar. Niderland sosial bir ölkə olduğuna görə burda insanlar daha çox orta və yüksək yaşayış səviyyəsinə malikdirlər. İşsizlər, xəstə olub iş qabiliyyətini itirənlər, hər ay dövlət tərəfindən maliyyələşdirilir. Hər ay dövlət tərəfindən ayrılmış pullar vətəndaşların hesabına keçirilir.
Ailəli insanlara ayda 1350 avro və əlavə ödəmələr verilir. Uşaqlara görə aylıq 84 avro və hər kvartalda isə (uşağın yaşına görə müəyyən olunur) 180-350 avro ödənilir. Tək yaşayan insanlara isə aylıq 850 avro məbləğində pul ödənilir. Bu ayrılan pula hər bir vətəndaş özünün məcburi sığortasını da ödəməlidir. Niderlandda yaşayan azərbaycanlılar da bərabər hüquqlu vətəndaş kimi, eyni hüquqlardan faydalanırlar.
- Azərbaycanlılar daha çox hansı sahədə çalışırlar?
- Burada həmyerlilərimizdən öz işlərini quranlar da var, müəyyən peşə sahələrində işləyənlər də. Həkimlərimiz, rəssamlarımız, tikinti şirkəti menecerləri, biznesmenlər, ticarət, kafe, restoran sahibləri, musiqiçi və müğənnilərimiz də az deyil. Onlar da digər vətəndaşlar kimi işləyib, Hollandiya dövlətinə vergi ödəyirlər. Bundan da belə qənaətə gəlmək olar ki, burada məskunlaşan azərbaycanlılar orta səviyyəsində yaşayırlar.
- Bəs təhsil sahəsində vəziyyət necədir?
- Hollandiya ali təhsil ocaqlarında və orta məktəblərində kifayət qədər həmyerlimiz təhsil alır. Niderland ali məktəblərində təhsil alan soydaşlarımız 380-600 avro məbləğində tələbə təqaüdü alırlar. Burada təhsil çox yüksək səviyyədədir. Təhsil alan gənclərimiz, gələcəkdə həm siyasi, həm də iqtisadi sahələrdə çox fəal yer tuturlar. Ümidlərimiz bu gənclərdir. Bu yaxınlarda Bakıda olanda, Təhsil Nazirliyi ilə əlaqə saxladım ki, Azərbaycandan gəlib Niderlandda oxuyan tələbələr haqqında bizə məlumat versinlər ki, biz onlarla əlaqə saxlayaraq, soydaşlarımızın problemləri ilə məşğul olaq. Təəssüflər olsun ki, nazirlik indiyə qədər də hələ bizim yazılı təklifimizə cavab verməyib.
- Bəs bu qədər azərbaycanlı Niderlanda necə və hansı məqsədlə gəlir?
- Niderlanda yaşayan azərbaycanlılar əsasən 15-20 il bundan qabaq kütləvi şəkildə gələn həmyerlilərimizdir. Son zamanlar burada yaşamağa azərbaycanlılar daha az gəlirlər. Bunun səbəbi də yəqin ki, Azərbaycanda yaranan siyasi stabillik və iqtisadi inkişafın nəticəsidir. Hollandiyada azərbaycanlıların sayı təxminən 10-12 min nəfərdir. Buraya cənubdan gələn azərbaycanlı və Türkiyədən olan qardaşlarımızı da əlavə etsək, bu say 40 min nəfərdən çox olar.
- Soydaşlarımızın təşkilatlanma səviyyəsi barədə nə deyə bilərsiz?
- Hollandiyada təşkilat səviyyəsində fəaliyyət göstəririk. “Azərbaycan Evi” adlı təşkilatımızın da əsas vəzifəsi, avropalılara öz mədəniyyətimizi, tariximizi, kimliyimizi tanıtmaq, Niderland cəmiyyətinə inteqrasiya olmaq, onlarla dostluq əlaqələri yaratmaqdır. Həmçinin Qarabağ problemini, Xocalı soyqırımı kimi ağrılı dərdlərimizi, haqq səsimizi avropalılara çatdırmaqdır. Həmyerlilərimiz bizə əsasən tədbirlərlə əlaqədar, müxtəlif formalarda müraciətlər edirlər. Mümkün olduğu qədər müraciətləri diqqətə alırıq. Lakin təşkilatimiz özü özünü maliyyələşdirdiyi üçün, bir çox tədbirləri keçirə bilmirik.
- Sizin təşkilatın əsas məqsədləri, prioritet hesab etdikləri məsələləri nədən ibarətdir?
- Təşkilatımızın əsas məqsədi, Niderlandda yaşayan azərbaycanlı gənclərlə maarifləndirmə işləri qurub, onları milli ruhda ictimaiyyətdə yer tapmasına yardımçı olmaqdır. Çünki gələcəkdə bu gənclər bizi əvəz edəcəklər. Onları bu yol hazırlamaq lazımdır. “Azərbaycan Evi”nin müstəqil təşkilat olaraq məqsədi Hollandiyada milli birliyimizi təmin etməkdir. Vətənimizi, Azərbaycanımızı, müstəqilliyimizi, dövlətçiliyimizi sevən hər bir təşkilata və soydaşlarımıza qapılarımız açıqdır. Hər biri ilə əməkdaşlıq etməyə hazırıq. Gücümüz bizim birliyimizdədir. Hər bir azərbaycanlının uğuru da, bizim uğurumuz, bizim adımızdır.
Ülviyyə Axundova