“Bir xanımın başqan olması mümkündür və lazımdır”
Nüşabə Sadıqlı: “Siyasətdə qadınlar və kişilər bölgüsünün aparılmasının tərəfdarı deyiləm”
Suallarımıza Müsavat Partiyasının Divan üzvü, qurultayda başqanlığa namizədliyini irəli sürəcəyini elan edən Nüşabə Sadıqlı cavab verib. Mərhum prezident Əbülfəz Elçibəyin müşaviri vəzifəsində çalışan N. Sadıqlı əsasən təmsil etdiyi partiyanın fəaliyyəti, qurultaya hazırlıq, qurultayın keçirilib-keçirilməyəcəyi haqqında danışıb. Eləcə də, müxalifət düşərgəsinin indiki durumu, Müsavat-AXCP münasibətləri və digər mövzulara münasibət bildirib.
- Nüşabə xanım, Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının qurultayını keçirmək üçün müvafiq zal ayırıb. Qurultay keçiriləcəkmi?
- Bu həftənin əvvəlində Divanın toplantısı keçirildi. Divanda bu istiqamətdə aparılan müzakirələr zamanı aydın oldu ki, yerin ayrılıb-ayrılmayacağı haqqında bizə qurultaya üç gün qalmış informasiya veriləcək. Hesab edirəm ki, bu, doğru yanaşma deyil. Çünki heç bir normal təşkilat üç gün müddətinə qurultaya hazırlaşa bilməz. Bu, mümkün olan şey deyil. Ancaq bu saat qurultay üçün partiyaya müvafiq zalın ayrılıb-ayrılmadığı haqqında məndə dəqiq informasiya yoxdur.
- Bakı Şəhər İcra Hakimiyyəti Müsavata qurultayını keçirmək üçün Səttar Bəhlulzadə adına Mədəniyyət Evinin zalını təqdim edib...
- Açığını deyim ki, mənim bundan xəbərim yoxdur. Çünki həftənin əvvəlində partiyanın qərargahında olmuşam. Son iki gündə isə internetə girməmişəm və dövrü mətbuatla təmasım olmayıb.
- Necə düşünürsünüz, 10 gün müddətinə qurultaya hazırlaşıb tədbiri keçirmək mümkündürmü?
- Qısa müddətə belə bir tədbiri keçirmək çox çətindir.
- Niyə?
- Biz ən azı istəyirdik ki, qurultaya bir neçə ölkədən qonaq dəvət edək. Nəzərə alın ki, qurultaya dəvət olunacaq insanlar, bu insanların yerləşdirilməsi, eləcə də, rayon və bölgələrdən gələcək yüzlərlə qurultay nümayəndələrini yerləşdirmək, təşkilati işlər, texniki məsələlər var. Bunu çatdırmaq çox çətin olar. Amma bütün hallarda bu məsələ ilə bağlı qərarı mən deyil, Müsavat Partiyasının qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi verəcək. Yəqin ki, Təşkilat Komitəsi toplanaraq bu məsələni müzakirə edəcək və müvafiq qərarını çıxaracaq. Şəxsən hesab edirəm ki, qısa müddətə bunu həll etmək çətin məsələdir. Bəlkə də, mümkün deyil.
- Siz Müsavatın tədbirlərində görünmürsünüz. Partiyanın mərkəzi qərargahı ilə əlaqələrinizi hansı formada qurursunuz?
- Mən partiyanın Divan üzvüyəm. Hər həftənin bazar ertəsi Divanın toplantısı keçirilir, ölkəmizdə baş verən proseslər müzakirə olunur və qərarlar qəbul edirik. Başqa sözlə, hər həftənin bazar ertəsi qərargahda oluram.
- Başqanlıq postuna yenə iddia edirsiniz?
- Təbii. Mən demişəm və yenə də sözümün üzərində dururam. Əlbəttə, mən ilk əvvəl situasiyaya baxacağam. Əgər situasiya məni qane eləməsə, başqanlığa namizədliyimi irəli sürəcəyəm. Ancaq güvəndiyim və dəyər verdiyim insan başqanlığa namizədliyini irəli sürəcəksə, bu halda təbii ki, namizədliyim olmayacaq.
- Sizin güvəndiyiniz namizəd kimdir ki?
- Hazırda bilmirəm ki, kimlər namizədliyini irəli sürmək haqqında düşünür.
- Prinsipcə başqanlığa iddialı olan şəxslərin adları bəllidir...
- Axı bu rəsmi şəkildə elan edilməyib. Qeyri-rəsmi istəklərə necə münasibət bildirim? Həm də ola bilsin ki, bir neçə nəfər başqanlığa iddialı olduğunu ortaya qoyub. Amma sonda kimlərin bu yarışda qalacağı, kimlərin çəkiləcəyi də bəlli deyil. Bu situasiya aydınlaşandan sonra mövqeyimi bildirəcəyəm.
- Sizcə, indiki situasiyada bir xanımın Müsavat Partiyasının başqanı olması mümkündürmü?
- Mümkündür və lazımdır da. Amma şübhəsiz ki, bizim bəylərimiz də, xanımlarımız da dəyərlidir. Xanımın və bəyin özünəməxsus vəzifəsi var. Əgər xanım barışdırıcıdırsa, hər kəsi bir araya toplayandırsa, siyasətdə olan bəy də iradəsi və cəsarəti ilə diqqəti çəkir. Əslində, siyasətdə qadınları və kişiləri iki yerə bölməyin tərəfdarı deyiləm. Mənə elə gəlir ki, İsa Qəmbərdən sonra bu posta elə şəxs seçilməlidir ki, bu yolu sona qədər davam etdirməyi bacarsın.
- Siz bu yolu sona qədər davam etdirməyi bacararsınızmı?
- Mən şəxsən bəli. Amma yenə də qeyd edim ki, namizədliyimi irəli sürüb-sürməyəcəyimi deyə bilmərəm. Mən 1988-ci ildən bu yolda olan insanam. Düşünürəm ki, ömrümün sonuna qədər bu yolu davam etdirməyə hazıram.
- Niyə Müsavat Partiyasında ancaq Divan üzvüsünüz, başqan olmaq istəyən bir xanım əksər qurumlarda təmsil olunmalı deyilmi?
- Məncə, kifayət qədər normal postda təmsil olunuram. Əslində, Müsavat Partiyasında başqandan sonra bütün məsələləri həll edən Divandır. Müsavat Məclisi Divandan sonra gələn strukturdur. Bu mənada Divan ən yüksək postdur.
- Niyə düşünürsünüz ki, Müsavatın başqanının xanım olması lazımdır və mümkündür?
- Mən “lazımdır” ifadəsini işlətmədim. Xahiş edirəm ki, bir qədər ehtiyatlı olaq. Sadəcə demək istəyirəm ki, xanımın başqan olmasının önəmi odur ki, qadın barışdırıcıdır. Amma kişilərin dəyərini aşağılamaq niyyətində deyiləm. Kişilərin də başqa keyfiyyət və xüsusiyyətləri var.
- Sizin Müsavatda kifayət qədər tərəfdarınız varmı?
- Düşünürəm ki, əgər başqanlığa namizədliyimi irəli sürsəm, kifayət qədər tərəfdarım olacaq.
- Müsavat başqanı olmaq iddiasında olan yeganə xanım Sizsiniz, yoxsa başqaları da var?
- Hələlik mənəm. Amma ola bilsin ki, öz namizədliyini irəli sürmək istəyənlər tapılsın. Qurultayın keçirilməsi qərarı veriləndən sonra namizədlərin elan olunması mərhələsi olur. Çox adamlar hələ kənardadır və bu yarışa qoşulmayıb. Çünki qurultayın rəsmi başlama tarixini gözləyirlər. Bundan sonra mümkündür ki, namizədliklərini irəli sürənlər olsun. Almaz Əliqızı, Novella Cəfəroğlu və digər xanımlarımız var və onlar iddialı ola bilərlər.
- Ancaq müsavatçılar deyirlər ki, İsa Qəmbər kimi istəsə, başqan həmin şəxs olacaq...
- İstək başqa şeydir. İsa Qəmbəri tanıyanlar bilirlər ki, onun özü heç vaxt belə məsələlərdə tərəf olmur. Əslində, istərdim ki, İsa Qəmbər kiminsə adı üzərində dayansın. Bunun səbəbi o deyil ki, mən düşünürəm ki, İsa Qəmbərin dediyi şəxs, həqiqətən, də, bu yolun yolçusu olacaq. Əlbəttə, bu məqam da var. Burada söhbət Müsavatdan və onun taleyindən gedir. Müsavata öz taleyi ilə bağlı ən sonuncu şəxs İsa Qəmbərdir. Sabah Müsavat Partiyasında nələrsə baş verərsə, bu İsa Qəmbərə birbaşa təsir edəcək məqam olacaq. Çünki bu partiyanı yaradan M. Ə. Rəsulzadə olub. Onu bərpa edən isə İsa Qəmbərdir. Bu mənada hesab edirəm ki, İsa Qəmbərin bu məsələdə istəyi önəmlidir. Ən azından İsa Qəmbər bilməlidir ki, partiyanı kimə verir. Lakin əfsuslar olsun ki, İsa Qəmbər belə şeylərdən kənardadır və belə şeylərə də heç vaxt münasibətini bildirmir.
- Elə Siz də İsa Qəmbər kimi hansı şəxsin başqan olmasının perspektivli olacağını demirsiniz...
- Rəsmi şəkildə iddialı şəxslər namizədliklərini irəli sürsünlər. Bundan sonra mövqeyimi bildirəcəyəm. İndi kiminsə qəlbinə dəymək istəmirəm. Bəlkə, heç həmin şəxs namizədliyini irəli sürməyəcək. Nəzərə alın ki, hazırda başqanlığa iddialı olanların söhbəti gedir. Amma rəsmi kampaniya yoxdur.
- İsa Qəmbər başqanlıqdan gedəndən sonra kimlərsə partiyadan gedə, təlatümlər yaşana bilərmi?
- Düşünmürəm. Əlbəttə, bütün partiyalara hansısa məqsədlə gələnlər olur. Həm də başqa yerdən inciyərək bura gələnlər də ola bilir. Amma partiyaya toplaşanların böyük əksəriyyəti əqidə insanlarıdır. Əqidə insanı isə əqidəsini dəyişmir. Düşünmürəm ki, parçalanma və ya qopma ola bilər. Amma ola bilsin ki, bir-iki nəfər bəhanə edərək uzaqlaşa bilər. Lakin bunun böyük mənada partiyaya heç bir təsiri ola bilməz.
- Müsavatla müxalifətdə olan partiyaların, ələlxüsus AXCP ilə münasibətləri necə qiymətləndirirsiniz?
- Bu siyasətdir. Siyasətdə isə rəqabətin olması çox təbii prosesdir. Amma rəqabət də sağlam rəqabət olmalıdır. Müsavat da çalışmalıdır ki, cəmiyyətdə özünün mövqeyini ortaya qoysun, ana müxalifət olduğunu göstərsin. AXCP ilə də münasibətləri normal hesab edirəm. Təbii ki, bu partiyalar zaman-zaman bir-birinə yaxınlaşır və uzaqlaşır. Lakin bir həqiqət var ki, siyasi atmosferi bu iki partiya tənzimləyir. Düşünmürəm ki, bunlar bir-birindən uzaq partiyalardır. Ola bilsin ki, hansısa nüanslarda razılığa gələ bilmirlər. Bu da normaldır, çünki siyasətdə belə hallar baş verir.
- Amma AXCP üzvləri həm də Müsavat Partiyasını satqınlıqda günahlandırır...
- Bu artıq yanlış bir haldır. NİDA-çıların məhkəməsi zamanı həbs edilən gənclər oldu. Onların arasında həm müsavatçılar, həm də cəbhəçilər var idi. Məhz Müsavat cəbhəçilər üçün də vəkil tutdu və ayrı-seçkiliyi salmadı. Məncə, biz bir-birimizlə mübarizə aparmalıyıq.
- Müxalifət bir araya gələ bilmir. Siz bu düşərgənin sabahını necə görürsünüz?
- Mən optimist adamam və gələcəyi işıqlı görürəm. Bu partiyaların üst qurumda olan münasibətlərdən asılı olmayaraq alt qatda sıravilər bir yerdədir və ciddi fərqlər yoxdur. Əslində, hər şeyi situasiya diktə edir.
- Aşağılar bir yerdədir, yuxarıların bir-birinə nifrəti var?
- Mən deməzdim ki, nifrətləri var. Niyə nifrətləri olmalıdır ki? Amma ola bilsin ki, fərqli baxışları var. Yolu hərə bir cür getmək istəyir və hər kəs də getdiyi yolu daha doğru hesab edir. Əslində, problem də bundadır. Hər kəs özünü daha doğru və daha haqlı hesab edir.
- Müxalifətin indi düşdüyü pat vəziyyətindən çıxmaq ehtimalı varmı?
- Hesab edirəm ki, çıxacaq. Bu cür mümkün deyil. Əslində isə bunun üçün sadəcə bir-birlərini qəbul etmələri lazımdır.
Nemət Hüseynli