BAKI, 23 oktyabr. TELEQRAF
"Vətəndaş Hüquqları" İnstitutunun rəhbəri Bəşir Süleymanlının cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.
İttihama görə, Bəşir Süleymanlı Paris şəhərində fəaliyyət göstərən ABŞ-nin Alman Marşal Fondundan və digər fondlardan sosial məzmunlu layihələr adı ilə ümumilikdə 148 min manatdan artıq qrant vəsaitini tamah məqsədi ilə ələ keçirib. Bu əməli törədərkən o, Mehriban Rəhimli və digəriləri ilə cinayət əlaqəsinə girib, eyni zamanda vəzifə səlahiyyətlərindən sui-istifadə edib. Alınmış qrant vəsaitləri barədə müvafiq qurumlara məlumat verməyib.
İttihama münasibət bildirən Bəşir Süleymanov özünü təqsirli bilməyib.
Növbəti məhkəmə prosesi noyabrın 20-nə təyin edilib.
Qeyd edək ki, Bəşir Süleymanlı bu ilin mart ayında saxlanılıb və ona Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı), 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.
Xatırladaq ki, cinayət işində adı hallanan Mehriban Rəhimlinin cinayət işi ayrı icraata verilib və hazırda istintaq davam edir.