"Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi qüvvəyə minib. Düzdür, qətnamə qüvvəyə minənədək tərəfin Bakı Apellyasiya Məhkəməsinə şikayət etmək hüququ var. Hesab edirəm ki, azyaşlı uşaqların ana ilə qalması tam qanunidir və belə də olmalıdır. Sadəcə Mətanət İsgəndərli məşhur olmasından istifadə edərək qanunu pozur. Mətanət İsgəndərli qanun və insani keyfiyyətlər baxımından düzgün hərəkət etmir.
Bu sözləri Teleqraf.com-a açıqlamasında vəkil İradə Cavadova əməkdar artist Mətanət İsgəndərlinin gəlini Canana (Aynur) Həmidovanın uşaqların qanuni olaraq ona verilməsinə rəğmən onların nənəsi ilə yaşaması haqda danışarkən deyib.

Onun sözlərinə görə, uşaqlar ana ilə qalmalıdır: "Bu məsələ uzun zaman qalmaqallı olub və ictimai qınağa məruz qalıb. Ananı uşaqdan ayırmaq düzgün olmayan bir hərəkətdir. İctimai və tanınmış bir adam üçün bu qədər qanunsuz hərəkət etmək yaxşı hal deyil. Qınaqverici bir məsələdir".
Vəkil "Canana Həmidova mülk və alimentdən imtina edib. Tərəflər arasında barışıq sazişi imzalanmasına rəğmən Mətanət İsgəndərlinin buna əməl etmədiyi iddia olunur" sualına isə belə cavab verib: "Artıq bu, başqa məhkəmənin predmetidir. Çünki barışıq sazişinə əməl olunmalıdır. Ümumiyyətlə, məhkəmə qətnaməsi, barışıq sazişi məhkəmə tərəfindən təsdiq olunur. Yəqin ki, bu, qətnamədə öz əksini tapıb. Barışıq sazişi elə-belə bağlanmır. Əminəm ki, bu, məhkəmə qətnaməsində öz əksini tapıb. Yəqin ki, onlar Bakı Apellyasiya Məhkəməsində barışıq sazişi bağlayıblar. Tərəflər də buna əməl etməyə borcludur.
Mətanət İsgəndərli mövqeyindən istifadə edib belə davranmamalıdır. Təəssüf edirəm ki, icra nümayəndələri buna göz yumur. Yəqin ki, Mətanət İsgəndərli tanınmış olmasından istifadə edir. Onun təzyiq və təsir imkanları olduğu üçün bundan sui-istifadə edir. İcra məmuru da buna göz yumur və icra etmir. Bu, təəssüfedicidir və yolverilməzdir. Məhkəmə qətnaməsinin icrası hökməndir. Hətta qüvvəyə minmiş düzgün olmayan məhkəmə qətnaməsini icraçılar icra etməyə məcburdurlar.
Mətanət İsgəndərli də Azərbaycan Respublikasının vətəndaşı kimi buna əməl etməlidir. Amma Canana xanımın mülkdən imtina etməsi onun hüququdur. Aliment cavan xanıma verilmir, uşaqlara məxsus olan puldur. Təəssüf edirəm ki, bəzən qadınlar bundan imtina edirlər. Amma hesab edirəm ki, aliment uşaqlara aid olduğu üçün bankda hesab açıb, pulu hesaba köçürsələr yaxşı olar. Sabah uşaqların ehtiyaclarını qarşılaya bilərlər. Bu məsələdə ata da məsuliyyət daşıyır. O, aliment verməklə yanaşı uşağın tərbiyəsi ilə də məşğul olmalıdır. İki gəncin bir-biri yola getməməsində uşağın günahı nədir?! Uşağı ata-ana tərbiyə etməlidir, nənə-baba deyil".
Vəkil onu da vurğulayıb ki, ananın maddi imkanının aşağı olmasından qarşı tərəf istifadə edir: "Belə hallarda çox vaxt qarşı tərəf bundan istifadə edir. Görürsən ki, bir tərəfin maddi imkanı yoxdur, ictimai mövqe baxımından tanınmış adam deyilsə, o zaman təzyiq olunur. Adətən, qadınlara belə hallarda təsir-təzyiq halları çox olur. Qadınlar hər şeyə razı olurlar və mülkdən imtina edirlər ki, uşaqlar onlarla qalsın. Əslində, analara da çox haqsızlıq olur. Hesab edirəm ki, qanunvericilikdə bununla bağlı çox sərt qanun qəbul edilməlidir.
Yəni ki, ana boşandığı zaman mülk davası da edə bilər. Birlikdə əldə olunmuş əmlak yarı bölünməlidir. Anaya təsir və təzyiq edildiyinə görə barışıq sazişi bağlayıb. Uşaqların onunla qalması üçün hər şeydən imtina edib. Amma belə olmamalıdır. Qanunla azyaşlı uşaqlar ana ilə qalmalıdır. Bu, bizim qanunvericilikdə də göstərilib, ana sağlamdır, heç bir zərərli vərdişi yoxdur. Normal vəziyyətdə uşaqlarını da tərbiyə edə bilir. Mülk ilə ananı imtahan etmək olmaz. Sən, mülkdən imtina et, uşaqları sənə verəcəm, yaxud da digər tərəfdə məhkəmə qətnaməsi mövcuddur və tərəf, nənə-baba uşaqları vermirlər".
İradə Cavadova Canana Həmidovanın qanunla hansı addımı ata biləcəyini də sadalayıb: "Əgər barışıq sazişi məhkəmə qətnaməsi ilə öz əksini tapıbsa, məhkəmədə barışıq sazişi bağlanıbsa, əməl edilməməsi ilə bağlı yenidən məhkəməyə müraciət etməli və şikayətini bildirməlidir. Əgər uşaqlar nənədə qalırsa, məhkəməyə müraciət edib, uşaqların alınmasını tələb etməlidir. Amma ilk növbədə barışıq sazişinin əməl olunmaması ilə bağlı məhkəməyə müraciət edilməli, icra nümayəndəsinə üz tutmalıdır. Qətnamənin necə qəbul edildiyini dəqiq bilmirəm, barışıq sazişi harada bağlanıb, icra sənədi icraya yönəldilibmi? Mən ümumi fikirlərimi bildirirəm. Əgər icra sənədi icradadırsa, icra nümayəndəsini şikayət etməlidir. Məhkəmə qətnaməsinin icra olunmaması cinayət məsuliyyəti yaradır", - deyə cavab verib.
Bəs qanunla Mətanət İsgəndərlini nə gözləyir?
Vəkil Mətanət İsgəndərlinin məhkəmədə tərəf olmadığını xatırladıb: "Tərəf kimi Canana xanımla həyat yoldaşı olub. Sadəcə Mətanət İsgəndərli qanun pozuntusuna yol verir. Burada cinayət məsuliyyəti yoxdur. Yenə də deyirəm ki, o, tərəf olmayıb. Amma Canana xanım məhkəməyə müraciət edərsə ki, uşaqlarım filankəsdə saxlanılır, ondan uşaqların alınıb anaya verilməsi məsələsinə baxıla bilər. Burada ictimai qınaq ola bilər. Bu, təkcə Canana Həmidovanın üzləşdiyi problem deyil, bir çox anaların problemidir. Nənə-baba uşağı vermir, mənimsəyir, sanki onlar bir əşyadır. Bu candır, insandır, valideynin canının bir parçasıdır. Ana əziyyət çəkib, dünyaya gətirib, yuxusuz gecələri olub. Onu necə mənimsəyə bilirsən? Bu yolverilməzdir. Təəssüf ki, bizim qanunvericilikdə buna görə cinayət məsuliyyəti yoxdur. Sadəcə məhkəmə qətnaməsinin icra edilmədiyinə görə cinayət məsuliyyəti var. Nənə-babaya yalnız ictimai qınaq düşür. Hamı qınamalıdır ki, bu, biabırçılıqdır. Belə etmək olmaz. Halbuki tanınmış insandır. Uşaqlar oyuncaq deyil ki, onun həyatı ilə oynayasan. Uşaq ana ilə yaşamalıdır. Hətta uşaq nənə-babanın yanına gəlsə belə deməlidir ki, sənin valideynin var".
Canana Həmidova isə açıqlamasında keçmiş qaynanası Mətanət İsgəndərlini barışıq sazişinə əməl etmədiyini deyib: "Mən mülk və alimentdən imtina etdim, barışıq sazişi ilə razılığa gəldik. Uşaqların mənim adımda qalmasını qeyd etdik. Müqavilədə uşaqların nənəsi ilə qalmasına, ata və ögey anayla yaşamasına icazə verməyəcəyimi vurğuladım. Əvvəlki vəziyyət olduğu kimi qalırdı, nə mən, nə ata tərəfindən heç bir məhdudiyyət olmayacağını yazmışdım. Mətanət xanım da buna razı idi, lakin sazişi heçə saydı. Dediyi sözü tutmadı. Onlara demişdim ki, mən mənzil alana qədər uşaqlar sizinlə qalsınlar yaxud da ev verin - öz adınızda qalsın, onlara orada baxım. Uşaqlar kirayə evə getmirlər. Dedi ki, heç vaxt ev vermərəm, get işlə, özünə kreditlə ev alarsan. Uşaqlarıma hədiyyə alıb aparmışdım, Mətanət xanım da evdə idi. Mənə deyir ki, uşaqları görməyə gələndə xəbər et, aşağı düşsünlər. Bir dəfə də uşaqlar üçün proqramist aparmışdım. Mətanət xanım, mənə zəng edib deyir ki, sən kimsən ora gedirsən, gərək səni polislə qovdurum. İnanın ki, şoka düşdüm.
Ona deyirəm ki, balama hədiyyə getirdim, polisi nə üçün çağırırsan? Deyir ki, sən evə söz-söhbət salırsan, Kərimin arvadı narahat olur. Cavab verdim ki, onun ayrı evi var, oğlunuzun evinə getməmişəm. Uşaqlarımı nənəsinə vermişəm, oğlunuza, ögey anaya yox. Mənə təhqiredici sözlər yazmağa başladı və dedi ki, bir də buraya gəlsən, səni polislə qovacam. Mənim də nömrəmə nə yaz, nə də zeng et.
Ancaq barışıq sazişində belə demirdi. Bildirmişdi ki, ancaq uşaqlarla bağlı mesaj yazım və zəng edim.
İndi mən balalarımı kimdən maraqlanım?! Bu qəddarlıq günlərlə məni fikrə saldı. Xəstəliyim şiddətləndi.
Sonra Ali Məhkəmənin qərar çıxdı. Vəkilim dedi ki, uşaqları anaya veriblər".

Canana Həmidova xəstəliklə mübarizə apardığını da deyib: "Çox pis xəstələndim, müalicədəyəm. Gözəllik salonumu bağlatdırdı. Məni qazanc yerimdən vurmağa çalışdı ki, heç nəyim qalmasın və uşaqlar ataya verilsin. Gözəllik salonumun sahibi dedi ki, ayda 3000 manatdan ödənişlə başqasına icarəyə verir. Mən nə etməliyəm? Bu qədər sərmayə yatırdım və əziyyətim boşuna getdi. Özüm də ağır xəstəyəm. Müalicə alıb sağalmalıyam. Uşaqlarımı onlardan geri almaq üçün ilk növbədə evim olmalıdır. Mən sıradan bir adamla mübarizə aparmıram. Mən Mətanət İsgəndərli ilə balalarımı qaytarmaq üçün mübarizə aparıram. Uşaqlara onun rəhmi gəlmədi, onları anasız qoydu. Çox yorulmuşam, uşaqlar da o həyatı sevir. Onlara gözəl ev vəd olunub".
Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmənin qərarı ilə uşaqlar Canana (Aynur) Həmidovaya verilib.