Xalq artisti Tünzalə Ağayeva Teleqraf.com-un "Sözünü de" layihəsində qonaq olub.
Onunla müsahibəni təqdim edirik:
- Tünzalə xanım, tez-tez imicinizi dəyişirsiniz. İddialı geyim üslubunuzla diqqət çəkirsiniz. Bu nə ilə bağlıdır?
- Həyat eşqim çoxalıb. Daxilimin işığı, parlaqlığı, əhval-ruhiyyəm yaxşı olanda üzümə yansıyır. Bəzən mənə deyirlər ki, bu gün yaxşısan, amma gözlərin qəmlidir. Qəm yaradıcı insanda olmalıdır, yoxsa sən musiqi yaza bilməzsən. Amma qəmin dozası olmalıdır.
Bəlkə həyat eşqim bununla bağlıdır ki, yenidən gəncliyimi yaşayıram. Belə bir söz var, "ikinci baharımı yaşayıram". Mən bu sözü əlavə edirəm ki, ikinci gəncliyimi yaşayıram. Gənclik yaşı 35-ə qədərdir, mən isə yeni bir gənclik dövrümü qədəm qoymuşam, 45 yaşımdan sonra...
- Yay fəsli yaxındadı. İstirahət üçün planlarınız varmı?
- Məhərrəmlik ayına qədər işləyəcəm. Azərbaycanda kommersiya məhərrəmlik ayına qədər işləyir. Bu da mənim üçün bir fürsətdir. Məhərrəmlikdə 30-35 günlük qızım və anamı götürüb istirahətə gedəcəm. İstirahət üçün hansısa regionu, yaxud dəniz kənarında sakit bir yeri seçə bilərəm. İstirahət planımın yarısı Bakı, yarısı Türkə ilə bağlı ola bilər.
- Yaxın günlərdə Dubayda konsert verdiniz...
- Bəli, iki gün sonra yenə Dubaya gedirəm. Bu, şəxsi məsələlərdir, sirr qalsın (gülür).
- Səhnədə, yoxsa real həyatda daha xoşbətsiniz?
- Bunlar müqayisə olunmazdır. Çünki səhnədəki eyforiyanı, inanın, başqa yerlə müqayisə etmək olmur.
Mən müğənni olmaqla yanaşı bəstəkaram. Mahnını yazdığım zaman eyforiyam tamam başqadır. Səhnədə kütlənin mənə verdiyi enerji də bir başqa... Hər anın öz dəyəri var. Anı yaşamaq lazımdır. Həmişə deyirik ki, kaş edərdim, nə zamansa edəcəm... Mən anı yaşamağa çalışıram.
- Siz hər zaman gənclərə dəstəksiniz, amma iradınızı qəbul etməyənlər də olur. Yaxın günlərdə Türkan Vəlizadənin ifası haqda "Belə ifalar faciədir" sözünüzə qarşı tərəf ad çəkmədən "Eyni səhnəni bölüşürük" deyə cavab verdi. Bu haqda nə deyə bilərsiniz?
- Bəli, hər kəs öz üzərində işləməlidir. Səhv var, insanı ağıllı edir, səhv də var, insanı böyüdür. Yıxılmasan, qalxmazsan. Əsas faciə yıxılmaq deyil. Faciə ondadır ki, yıxılırsan və qalxa bilmirsən. Adam var ki, yıxılır, dura bilmir. Adam da var, deyirsən, qoy getsin, səhv etsin ayılacaq.
İnsanlar iki cür ayılırlar, səhv etməklə və söz eşitməklə. Məsələn, mənə söz bəs edir, hər zaman sözdən, tənqiddən öz payımı götürmüşəm. Mənim tənqid eşidən qulağım var, amma söhbət sağlam tənqiddən gedir. Adam var, deyirsən, yalandan başından edir ki, səninlə razıyam, amma hərəkətlərində onu görmürsən. Gedib, səhv etməlidir. Onun başını buraxmalısan. Demək, belə olmalıdır.
Hamıya deyirəm ki, keçmişdə qalmasınlar, səhvlərindən nəticə çıxarsınlar. Mən səhvi böyük bir hikmət bilirəm. Daha yaxşı olmaq üçün səhvlər etmək lazımdır.
- Tünzalə Ağayeva gücünü nədən alır?
- İlk öncə Allahdan... İnam və imanım... Bu, çox individul məsələdir, bütün insanlara aiddir, insanı inam və imanı ayaqda saxlayır. İlahi bir qüvvəyə inanmasan, haradan güc alarsan?! Axı, mən tərəzi bürcüyəm. "Mənəvi qanadlarım" balaca deyil. Ona görə mahnı yazıram.
- Qızınız Fidan Türkiyədə təhsil aldı, radioda çalışırdı. Gələcəkdə orada fəaliyyət göstərməyi düşünür?
- Bəli, Türkiyədə universiteti bitirdi və radioda təcrübə keçir. Hələ ki, Türkiyədə yaşayır, çünki orada peşəsini və təhsilini davam etməsini istəyirəm.