Məşhur müğənni Şakira xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.

Teleqraf.com xəbər verir ki, o bu barədə Tvitter hesabında yazıb.

Şakira vurğulayıb ki, mətbuatda yayılan təcili yardım maşınının yanında lentə alınan fotolar təxminən bir həftə əvvəl çəkilib. Müğənni həmin gün yıxılaraq xəsarət alan atasını təcili yardım maşınına qədər müşayiət etdiyini yazıb.

Qeyd edək ki, İspaniyanın “Hole” portalı pop müğənni Şakiranın “Barselona”nın müdafiəçisi Xerard Pikedən ayrıldıqdan sonra əsəb sarsıntısı keçirdiyini və xəstəxanaya yerləşdirildiyini bildirib.

Dünya mətbuatında Pike ilə Şakiranın ayrıldığına dair xəbərlər iyunun 2-də yayılıb. Buna səbəb olaraq Pikenin Şakiraya xəyanət etməsi göstərilib. Ötən gün hər iki tərəf ayrıldıqlarını təsdiqləyiblər.

2010-ci ildə Cənubi Afrikada keçirilən Dünya Çempionatında tanış olan cütlüyün Milan və Saşa adlı iki övladı var.