Xalq artisti Könül Xasıyeva MTV Azərbaycan kanalının “Üzə-düz” verilişində yeni açıqlamalar verib.
Teleqraf.com-un xəbərinə görə, o, keçmiş həyat yoldaşını çox sevdiyini etiraf edib: “Həyatımda əsl sevgini bir dəfə yaşamışam. Söhbət keçmiş həyat yoldaşımdan gedir. Həyatdır, uğursuz alındı. Bu söhbətin üstündə çox dayanmaq istəmirəm. Allah o insanı da, məni də, övladım Kazımı da xoşbəxt eləsin. Allah hər ikimizə can sağlığı versin, yolumuzu açıq eləsin.
Övladımla ata-baladırlar, tez-tez danışırlar. Elə məsələlər olur ki, mən də məsləhət edirəm. Kazım oğlan uşağıdır. Həmin insanla dost kimi ayrılmışıq. O, yaxşı şəxsiyyətdir. Bir-birimizdən inciməmişik. Sadəcə qismətdə alınmadı. Ondan 10 ildir ki, ayrılmışıq.
Mən xanım ömrü yaşamadım, Allah mənə bunu nəsib eləmədi. Həmişə məclislərdə, el şənliklərində kişilərlə çiyin-çiyinə çalışmışam. Amma həmişə istəmişəm xanım ömrü yaşayım. Digər xanımlar kimi istəyərdim ömrümün çox hissəsi mətbəxdə keçsin. Əlbəttə, ailə-övlad, bunlar hamısı vacibdir, olmalıdır. Allah hamını xoşbəxt eləsin, məndə alınmadı...”.
Xalq artisti qız övladı arzuladığını da deyib: “Əslində, çox istəyirdim bir qızım olsun. Oğlum Kazımdan sonra bir qız övladı da istəyirdim, amma şəkər xəstəliyinə görə həkimim icazə vermədi. Bu da yarımçıq qalan arzularımızdandı. Qızım olsaydı, mənə qulluq edərdi. Hər bir ana arzulayır ki, onun qızı olsun. Nə etmək olar?! Olmadı... ”
Könül Xasıyeva toy mərasimlərinə yüksək qiymətə getmədiyini deyib: “Mən heç vaxt baha qiymətə toya getməmişəm. Çalışmışam ki, məclisində məni görmək istəyən insanları geri qaytarmayım.
Şəkidə iki dəfə ev tikdirdim. Burada da özümə ev aldım. Sonra böyük qardaşıma rayonda, balaca qardaşıma burda ev tikdirdim. Bütün qohumlarımın, tanışlarımın, rəfiqələrimin uşaqlarına, kim yanıma gəlirdisə, hamısına təhsil vermişəm, oxutmuşam. Hamısı göz qabağında olan şeylərdir. 11 uşaq oxutmuşam, 3 qız ərə vermişəm, 2 oğul evləndirmişəm...”
Xalq artisti ailəsindən də danışıb: “Atam çox sərt adam idi. Məni çox döyüb. Oxuyurdum, kişi də məni döyürdü ki, oxuma”.