Əməkdar artist Mətanət İsgəndərlinin oğlu Kərim və gəlini Canananın məhkəməsi keçirilib.
Canana Teleqraf.com-a açıqlamasında uşaqlarının vəlayətinin atasında qalmasına etirazını bildirib:
"Məhkəmə dünən baş tutdu, qərar bu gün verildi. Dünən Kərim və uşaqlar gəlmişdi. Bu gün isə yalnız vəkilim və mən getdim. Hakimə sözümü deyə bilmədim. Balaca oğlum qucağıma gələndə soruşdum ki, kimi seçəcəksən? Bilirəm ki, övladlarımı öyrədiblər. Dedi ki, onları seçəcək. Deyirəm, niyə onları seçəcəksən? Dedi, bilmirəm və qucağımdan getdi.
Sonra qızım gəldi, dedi ki, mama, səni çox sevirəm. Atası baxanda getdi. Hakim dedi ki, valideynlər çıxsın, uşaqları tək-tək dinləyək. Sonra mən vəkilimdən soruşdum ki, övladlarım nə dedilər. Cavab verdi ki, övladlarım onları seçdi. Uşaqları maşında gəzdirməklə, restorana aparmaqla başlarını qatırlar.
Böyük oğlum Tuncaydan soruşdum ki, niyə qarşı tərəfi seçirsən?! Cavab verdi ki, "bilmirəm, nə səni, nə də atanı seçirəm... Özüm də bilmirəm nə istəyirəm. Amma ana, sənin əziyyət çəkməyini istəmirəm. Sən bizi saxlamaq üçün çox işləməlisən. Onlar asanlıqla toydan çox pul qazanırlar. Sənin üstünə çox yük düşməsini istəmirəm".
Bilmirəm, bu, uşağın fikridir, yoxsa öyrədiblər. Dedim ki, atan aliment ödəyəcək, sən anasız necə qala bilərsən? Mənim sizə çəkdiyim əziyyətlərimi görməmisən?
Məhkəmə bitdi, uşaqlarımın fikrini tam bilmədim. Uşaqların psixologiyası pozulub. Bu körpələri heç kim düşünmür, ədalətli qərar verilməlidir. Kərim ailə quracaq, ögey ana uşaqlarıma necə baxacaq?! Uşaqlarımın psixologiyası pozulub, Kərim gündə bir qızla maşında gəzdirir ki, ananızdır. Qarşı tərəf istəyir ki, alimenti mən ödəyim. Ödəyə bilməyəndə isə tutdursunlar. Kərimin məqsədi məni cəzalandırmaq, uşağıma həsrət qoymaqdır.
Mən Kərimə deyirdim ki, xasiyyətimiz tutmur, evdə anan hər şeyi idarə edir. Bir ev verin, uşaqlarımı saxlayım. Övladlarım üçün yaşayan insanam. Qərardan narazıyam, Bakı Appelyasiya Məhkəməsinə müraciət edəcəm".
Qeyd edək ki, Canana və Kərimin iki oğlu, bir qızı var.