"Allahıma nəyə görə minnətdarsan?" sualını mənə versəydiniz deyərdim ki, təcrübəmə görə. Mənim bu həyatda ən böyük nailiyyəyim təcrübəmdir. Təcrübəmə görə 49 yaşımda bilirəm nəyi, necə etmək lazımdır. O təcrübə olmasaydı, mən çox yanacaqdım, çox səhvlər buraxacaqdım. Hər gecə yatanda Allahıma mənə göndərdiyi təcrübəyə görə şükür edirəm".

Teleqraf.com xəbər verir ki, bu sözləri MTV Azərbaycan kanalında xalq artisti Faiq Ağayev deyib.

Xalq artisti həyatında yaşadığı çətinlikləri də dilə gətirib: "İlk burun əməliyyatımda əməliyyat masasında öldüm. Allahın köməyi ilə yenidən həyata gəldim. Mən çox çevik uşaq idim, bir yerdə durmurdum. Ona görə də üzümdə saysız-hesabsız çapıqlar var idi. 9-cu sinifdə oxuyanda sevdiyim qıza söz atdıqlarına görə mübahisə etmişdim. Mənim burnum sındı, həmin şəxsin çənəsini sındırdım.

Səhnəyə gələndə düşündüm ki, bu burunla olmaz. Yaşca böyük həmkarım məni həmin həkimin yanına apardı. Sonra öyrəndim ki, məni "klient" kimi apardığına görə özünə başqa pulsuz əməliyyat elətdiribmiş.

Mən əməliyyat masasında öldüm. Həyatımda üç dəfə ölmüşəm, bir dəfə dənizdə boğuldum, ikinci dəfə burun əməliyyatı, üçüncü dəfə isə 2010-cu ildə. Bu, insanı psixoloji cəhətdən dəyişir".

Faiq Ağayev aparıcının "Sizə sənətdə cırmaq atanlar da var" sualına isə "Bar verməyən ağaca daş atmazlar", - deyə cavab verib.