Şəhər yoxsulları və iqtisadi cəhətdən zəif təbəqələr üçün mənzil təminatı yalnız subsidiya hesabına mümkün deyil. Buna görə də Hindistanda daha mürəkkəb model tətbiq olunur.
Teleqraf xəbər verir ki, bu barədə Hindistanın Milli Mənzil Bankının İdarəedici Direktoru Sanjay Şukla WUF13 çərçivəsində keçirilən “Mənzil maliyyələşdirməsi üçün yeni razılaşma” adlı tədbirdə çıxışında deyib.
O qeyd edib ki, bəzi hallarda subsidiyanın bir hissəsi verilir, torpaq dövlət tərəfindən ayrılır, tikintini isə torpağın allotmentini alan şəxs özü həyata keçirir:
“Digər hallarda subsidiyanın bir hissəsi ipoteka faizlərinə dəstək kimi istifadə olunur və vətəndaş bu ipoteka üzrə ödəniş edir. Əslində, rəqəmlər özləri hər şeyi göstərir. 29,5 milyon mənzilin ilk proqram çərçivəsində, növbəti mərhələdə isə 30 milyon mənzilin tikilməsi bunun mümkün olduğunu sübut edir.
Əlbəttə, Hindistanın əhalisi sürətlə artır və 30 milyon böyük rəqəm olsa da, hələ görüləsi çox iş var. Xüsusilə qeyd etmək lazımdır ki, xaricdən və ya beynəlxalq maliyyədən cəlb olunan vəsaitin payı cəmi 15 faizlə məhdudlaşdırılıb. Qalan vəsait isə daxili qənaətlər, vergi mexanizmləri və hökumətin yalnız mənzil sektoru üçün yaratdığı innovativ əmanət sxemləri vasitəsilə səfərbər edilib.
Bu da göstərir ki, mənzil maliyyələşdirilməsinin əsas dayağı yenə də daxili resurslar və yerli maliyyə mexanizmləridir”.