BAKI, 6 fevral. TELEQRAF
“Bilindiyi kimi, çempionatın mükafat fondu bu il artırılıb. 2027-ci ildə bu rəqəmlərin daha da artırılması nəzərdə tutulur”.
Teleqraf xəbər verir ki, bu sözləri Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov ölkə çempionatının açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
O, yarışla bağlı fikirlərini bölüşüb: “Bütün güclü şahmatçılar buradadır. Hamı bilir ki, Azərbaycan çempionatına qatılmayan şahmatçılar federasiyanın yardım proqramından məhrum olurlar. Azərbaycan çempionları yığma komandaya birbaşa vəsiqə qazanır. Hər il iyulun 1-də məlum olduğu kimi, yığma komandanın tərkibini müəyyən edirik. İnanıram ki, ədalətli, drammatik yarış keçəcək”.
Qeyd edək ki, Azərbaycan çempionatı 6-22 fevral aralığında keçiriləcək. Ümumi mükafat fondu 92 min manat təşkil edəcək. Bu məbləğdən 62 min manat kişilərin, 30 min manat isə qadınların çempionatına aiddir.