GƏNCƏ, 28 sentyabr. TELEQRAF

“Təmsilçilərimizin ilk gündəki nəticəsindən razıyıq”.

Teleqraf xəbər verir ki, bunu üzgüçülük üzrə Azərbaycan millisinin baş məşqçisi Rəşad Əbdülrəhmanov III MDB Oyunları barədə jurnalistlərə danışarkən deyib.

O, 1500 metr məsafəyə sərbəst üsulla üzmədə gümüş medal qazanmış Süleyman İsmayılzadədən qızıl medal gözlədiyini söyləyib: "O, birinci yerə layiq idi. Sadəcə, doğma meydan amili onu həyacanlandırdı. Hələ qarşıda yarışları var. İnanıram ki, yüksək nəticələr əldə edəcək”.

Baş məşqçi 100 metr məsafəyə “butterfly” (kəpənək) üslubunda üzmədə üçüncü olan qızı Mehri Əbdürrəhmanlı barədə də danışıb: "Mehridən bu medalı gözləmirdik. Lakin gücünü topladı və fəxri kürsüyə yüksəldi. Milli komandanın heyətinə yeni daxil olmuş Yeqor Maynitski də özünü yaxşı tərəfdən göstərə bildi. Ondan böyük nəticələr gözləyirəm".