BAKI, 24 aprel. TELEQRAF

"Azərreyl" qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının qalibi olub.

Teleqraf xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən "Abşeron"la final matçını Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Roko Sikiriç, Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə iştirak edib.

Sikiriç bağlanış mərasimindəki çıxışında matçdan zövq aldığını bildirib: "Burada olmaq çox qürurvericidir. Hər iki komanda gözəl oynadı. Həm azarkeş, həm də rəhbər kimi zövq aldım. Sizi növbəti Avropa çempionatının final mərhələsində görməkdən çox məmnun olacağam".

Bağırov "Azərreyl"i çempionluq münasibəti ilə təbrik edib: "İlk növbədə, bütün iştirakçıları və azarkeşlərə təşəkkür edir, "Azərreyl"i təbrik edirəm. Bütün komandalara və onların rəhbərliyinə təşəkkür edirəm ki, çempionatda yaxşı səviyyədə təmsil olunmaları üçün ciddi işlər görüblər. Ən böyük təşəkkürlər isə komandaların voleybolçularınadır. Bu gözəl salon dövlət siyasəti nəticəsində ərsəyə gəlib. Hər birinizin nailiyyəti dövlət qayğısı nəticəsində mümkün olub. Gələcəkdə voleybol yığmamızın olimpiadada iştirak etməsi üçün əlimizdən gələni edəcəyik. Qalibləri bir daha təbrik edir, onlara uğurlar arzulayıram".

Hüseynzadə isə Azərbaycan voleybolunun yüksəlişdə olduğunu söyləyib: "İlk növbədə, azarkeşləri təbrik edirəm. Onlar möhtəşəm oyunu izlədilər. Bu, Azərbaycan voleybolsevərlərinə sevinc gətirən hadisədir. Eyni zamanda bu möhtəşəm final sübut edir ki, Azərbaycan voleybolu yenə də yüksəlişdədir. Bu münasibətlə federasiya rəhbərliyini təbrik edirəm. Oyunun yüksək səviyyəsi, rəqabət və tamaşaçı kütləsi Azərbaycanda voleybolun inkişafı deməkdir. Bu gün qalib gəlmiş komandaları təbrik edirəm. Bugünkü bayram böyük və möhtəşəm uğurun nəticəsidir. Bu gözəl çempionat münasibətilə federasiya rəhbərliyini təbrik edirəm".

Qeyd edək ki, finalda "Azərreyl" "Abşeron"u Qızıl setdə 15:12 (3:0, 0:3) məğlub edərək Azərbaycan çempionu olub.