“Bakı Su İdmanı Sarayı Azərbaycan hökumətinin xalq üçün tikdiyi mərkəzdir”.

Bu sözləri Dənizkənarı Milli Parkın yeni hissəsində ucalan tikilinin qapısında bizi qarşılayan Avropa Oyunları Parkının Azərbaycanın “DDLar Group” tikinti şirkətindən olan top-meneceri Tom Butçer dedi.
Açılışı aprelin 20-də olan Bakı Su İdmanı Sarayında çəkiliş aparmaq və görülən işlərlə tanışlıq üçün Milli Parkda göz oxşayan bu mərkəzə üz tutduq. Bizi müşayiət edən kompleksin layihə rəhbəri Tom Butçer özü söhbətə başladı. Söylədi ki, bu cür arenaların tikilməsinə görə azərbaycanlılar I Avropa Oyunları ilə fəxr eləməlidir. Onun fikrincə, konstruksiya işlərində xarici şirkətlərin potensialından və materiallarından istifadə olunsa da, yerli mütəxəssislərin gücünə arxalanıblar və bundan sonra istənilən tikintilərdə yerli mütəxəssislərə güvənmək olar. T.Butçer qeyd etdi ki, artıq kifayət qədər təcrübə toplanıb, Oyunlardan sonrakı istənilən tikintidə başqalarına ehtiyac olmayacaq.

“İdman qurğusu Olimpiya standartlarına tam cavab verir”

T.Butçerin sözlərinə görə, Bakı Su İdmanı Sarayında üç hovuz tikilib. Birinci mərtəbədəki hovuz məşq, ikinci mərtəbədəki üzgüçülük, üçüncü mərtəbədə yerləşən hovuz isə sinxron üzgüçülük üçün nəzərdə tutulub. Mütəxəssis söylədi ki, idman qurğusu Olimpiya standartlarına və Beynəlxalq Üzgüçülük Federasiyasının tələblərinə tam cavab verir.

O qeyd etdi ki, idmançıların əvvəlcədən məşq edib yarışa getməsi üçün hər cür şərait yaradılıb: “Ümumilikdə bu Saray dünyada ən yaxşı tikilmiş mərkəzlərdən biridir. Tikinti 3 ilə başa çatıb. Binanın istismar müddəti isə azı 50 ildir”.

T.Butçer vurğuladı ki, yerli və beynəlxalq səviyyəli müxtəlif su idmanı növləri üzrə yarışlar üçün nəzərdə tutulan əsas hovuzun uzunluğu 50, eni 25, dərinliyi 2,5 metrdir. Hovuz 3.200.000 litr su tutur. İkinci hovuz suya tullananlar üçündür. Burada 1, 3, 5, 7,5 və 10 metrdən tullanmalar üçün beşpilləli platforma qurulub. Bu hovuzun uzunluğu 20, eni 25, dərinliyi 5 metrdir.

Sarayda məşqlər üçün üzgüçülük hovuzu da inşa edilib. Bu hovuzun özəlliyi ondadır ki, onu iki hissəyə ayırmaq mümkündür. Hətta hovuzun hissələrindən birinin dibi dəyişə bilir ki, bu da istər böyüklərə, istərsə də uşaqlara məşq etmək imkanı verir. Hovuzun döşəməsi istifadəçilərin boyundan uyğun olaraq aşağıya doğru qalxıb-enir. Bundan başqa məşq zalına kameralar da quraşdırılıb ki, məşqçinin kamera vasitəsilə idmançını izləyib müvafiq məsləhət verməsinə yardım edəcək.

“Bakı-2015” çox sayda insanın izləyə biləcəyi idman yarışı olacaq

Bakı Su İdmanı Sarayından baş tutacaq yarışları 6 mindən çox adam müşahidə edə bilər. T.Butçer bildirdi ki, bu, dünyadakı çox sayda insanın izləyə biləcəyi idman yarışlarından biri olacaq.

T.Butçer onu da dedi ki, yarışların televiziya ilə keyfiyyətli yayımını təmin etmək üçün sarayda müvafiq işıqlandırma sistemi yaradılıb.

Xatırladaq ki, Bakıda müasir standartlara cavab verən Su İdmanı Sarayı Azərbaycanda su idmanı növlərinin inkişaf etdirilməsi, bu sahədə yerli və beynəlxalq səviyyəli yarışların təşkili məqsədi ilə Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən inşa olunub. 2012-ci ilin dekabrında layihəsi hazırlanan idman qurğusunun tikintisinə 2013-cü ilin yanvarından başlanılıb. Su İdmanı Sarayının açılışı bu il aprelin 20-də Azərbaycan prezidenti İlham Əliyev və xanımı, “Bakı-2015” İlk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın iştirakı ilə keçirilib. Elə İdman sarayının təməlqoyma mərasimi də 2013-cü il aprelin 19-da prezident İlham Əliyevin iştirakı ilə baş tutub.

Baş menecer: “Bu Saray doğma evimə çevrilib”

Gördüyü işdən zövq aldığını deyən T.Burçer sözügedən kompleksə yeni doğulan övlad kimi baxdığını söylədi. 3 ilə yaxındır kompleksin inşası ilə məşğul olan baş menecerin sözlərinə görə, artıq bu məkan onun üçün doğma evə çevrilib.

Qurğunun dizayn və arxitekturası Koreya və İspaniya şirkətləri tərəfindən işlənilib. Uzunluğu 220 metr, eni isə 150 metr olan binanın hündürlüyü 35 metrdir.

Qurğunun 2-ci və 3-cü mərtəbəsində tribunalar quraşdırılıb. Sarayda VİP və jurnalistlər üçün otaqlar, trenajor zalı, restoran var. Əlillərin rahatlığını təmin etmək üçün xüsusi tamaşaçı yerləri nəzərdə tutulub.

Enerjiyə qənaət sistemi qurulub

T.Butçer hətta binada su olmadan məşq etmək üçün yerlərin olduğunu da deyib: “Bu Saray müasir texnologiyalar əsasında inşa olunub. Bu, müasirik isinmə və havalandırma sisteminə aiddir ki, burada enerjiyə qənaət sistemindən istifadə olunub”.

Binanın dam örtüyünün bir hissəsində “SKY LİGHT” xüsusi panoram şüşə panellərindən istifadə edilib. Bu şüşə panelləri eyni zamanda günəş enerjisini elektrik enerjisinə çevirmək funksiyasına malikdir. Əldə edilən elektrik enerjisi Sarayın bəzi sahələrinin enerji təminatına yönəldiləcək.

54 dəst medal uğrunda 800 gənc idmançı yarışacaq

Qeyd edək ki, I Avropa Oyunlarında Bakı Su İdmanı Mərkəzində 12 - 16 iyunda sinxron üzgüçülük, 18 - 21 iyunda suyatullanma, 23 - 27 iyunda isə üzgüçülük yarışları keçiriləcək.
Sınaq yarışları isə mayın 22-23-də baş tutacaq.

Artıq bu kompleksdə təşkil olunacaq üzgüçülük, sinxron üzgüçülük və suyatullanma turnirində iştirakçılarla bağlı detallar müəyyənləşib.

54 dəst medal uğrunda 800 gənc idmançı mübarizə aparacaq. Qaydalara əsasən, üzgüçülükdə 18 yaşadək oğlanlar, 16 yaşadək qızlar mükafatlara iddia edəcəklər. Sinxron üzgüçülükdə yaş həddi 18 götürülüb. Suyatullanmada isə 14-18 yaşlı idmançılar məharətini göstərəcəklər.

Xatırladaq ki, “Bakı-2015” I Avropa Oyunları başa çatdıqdan sonra bu idman kompleksi Bakı sakinlərinin istifadəsinə veriləcək.

Üzgüçülük - ən qədimi və ən maraqlısı


Onu da deyək ki, I Avropa Oyunlarında su idman növü axıra salınsa da, tarixinə görə ən qədimidir. Üzgüçülüyün Yunanıstan və Roma tarixində də mühüm rolu olub. Qədim Yunanıstanda vaxtaşırı üzgüçülük yarışları keçirilib. 1882-ci ildən sonra müxtəlif Avropa ölkələrində federasiyalar yaradılmağa başlandı. 1896-da qurulan London Metropolitan Üzmə Klubu, daha sonra Həvəskar Üzmə Birliyinə çevrildi. ABŞ-da üzmənin təşkilatlı bir idmana çevrilməsi, 1888-ci ildə Həvəskar İdman Birliyinin (AAU) qurulması sayəsində reallaşdı.

1896-cı ildə müasir Olimpiya oyunlarının bərpasıyla ilk olimpiadalarda üzmə yarışlarına da yer verildi. 1900-cü ildə kürək üstü stili və daha sonra 1908-ci ildə qurbağalamayı olimpiadalara əlavə etmişlər. Kəpənək isə olimpiadalara ən son əlavə olunan üzmə üslubudur.

Üzgüçülük yarışları 1908-ci ilin London Olimpiya Oyunlarında hovuzlara keçənə qədər bir neçə müasir Olimpiya Oyunlarında açıq sularda keçirilirdi.

Əvvəllər yalnız kişilərin qatıldığı yarışlarda 1912-ci ildən qadın üzgüçülər də iştirak etməyə başladı.
Üzgüçülüyə olan maraq beynəlxalq bir qurumun yaranmasına səbəb oldu. Beləliklə, 1909-cu ildə Londonda Beynəlxalq Həvəskar Üzmə Federasiyası FINA (Federation İnternationale de Natation Amateur) quruldu.

İlk Avropa Oyunlarında su idman növləri arasında üzgüçülük proqramın ən maraqlısı və sevilən idman növlərindəndir. Mütəxəssislərin də fikirincə, yeni Bakı Su İdmanı Mərkəzindəki atmosfer istər yarışlarda iştirak edən idmançıları, istərsə də çılğın tamaşaçıları həyəcanlandıracaq.

İdmançılar medal uğrunda – sərbəst, arxası üstə, qurbağa və kəpənək üslubunda olmaqla dörd əsas növ üzrə üç müstəqil estafetdə yarışacaqlar.

Musiqi duyumunun önəm kəsb etdiyi növ - Sinxron Üzgüçülük

Sinxron Üzgüçülük də elə ən qədim növlərdəndir, həm də su baleti adlandırılır. 1800-cü illərin sonlarında ortaya çıxıb. Amma uzun illər sirklərdə nümayiş etdirilib. 1952-ci ildə FİNA tərəfindən tanınaraq, Helsinki Olimpiadasında “nümayiş idmanı” olaraq proqrama salınıb.

Sinxron Üzgüçülükdə əsas məqsəd yaraşıqlı görünərək, suyun üzündə qalmaq, musiqinin ritmi ilə ayaqlaşmağı bacarmaqdır. Təbii ki, güclərini, atletizmi və bacarıqlarını nümayiş etdirmək üçün idmançılardan xüsusi musiqi hissiyyatı və istedad tələb olunur. Medallar uğrunda yarışlar fərdi, duet, komanda və sərbəst kombinasiya növləri üzrə keçiriləcək.

Suya tullananlar 8 medal dəsti uğrunda mübarizə aparacaq

19-cu əsrə qədər tullanma deyildikdə ilk olaraq pəncələri üstə qalxıb düz atlayışlar ağıla gələrdi. Saltolar, fırlanmalar kimi akrobatik hərəkətlər, ya da tərsinə tullanmalar yox idi. Daha sonra rəngarənglik artdı, müxtəlif tullanma növləri ortaya çıxdı. 1900-cü illərdən etibarən tullanma gimnastika ilə üzmənin birləşdiyi bir idman növü halına gəldi. İlk dəfə 1904-cü ildə Sent Luis Olimpiya Oyunları proqramına salındı. O dövrdə medallar uğrunda yarışlar 10 metr hündürlükdəki dayaqdan tullanmaqla keçirilirdi. Sinxron tullanma isə Olimpiya Oyunlarında ilk dəfə 2000-ci il Sidneydə təqdim edildi. I Avropa Oyunlarında suya tullanma üzrə 160 idmançı iyunun 18-21-də 8 medal dəsti uğrunda yarışacaq.

Nərgiz Ehlamqızı
Foto: Rəşad Abbasov