Elmar Məmmədyarov: “Ermənistan öz siyasətini dəyişdirsə, regional layihələrdə iştirak edə bilər”

Xarici işlər naziri Elmar Məmmədyarov rəhbərlik etdiyi nümayəndə heyətinin müşayiəti ilə dünən Gürcüstana rəsmi səfərə yola düşüb. Səfər çərçivəsində E.Məmmədyarov Gürcüstanın yüksək rəsmi şəxsləri ilə görüşlər keçirib.

Nazir əvvəlcə paytaxt Tbilisidə yerləşən Heydər Əliyev parkını ziyarət edib, Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə əklil qoyub. Daha sonra Gürcüstanın xarici işlər naziri Tamar Beruçaşvili ilə görüşüb.

Görüşdə iki ölkə arasında siyasi, iqtisadi, enerji, nəqliyyat, turizm, humanitar və digər sahələrdə əməkdaşlığın uğurla inkişaf etməsi qeyd olunub. E.Məmmədyarov Azərbaycan və Gürcüstanın strateji tərəfdaşlar olduğunu qeyd edərək, bu əməkdaşlığın hər iki ölkənin müstəqilliyinin möhkəmləndirilməsi və inkişafı baxımdan xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

E.Məmmədyarov Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Qars kimi enerji və nəqliyyat layihələrinin Azərbaycan və Gürcüstan ilə bərabər regionun inkişafı üçün zəmin yaratdığını bildirib. O, Azərbaycana qarşı yürütdüyü işğal və təcavüz siyasətinə görə Ermənistanın bu layihələrdə iştirakdan kənar qaldığını və regional əməkdaşlıqdan bəhrələnə bilmədiyini qeyd edib. “Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycana deyil, Ermənistana da əziyyət verir, çünki Ermənistan bütün regional layihələrdən kənarda qalıb. Ermənistan öz siyasətini dəyişdirərək Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə tam dəstək versə, əlbəttə, Ermənistan da bu layihələrdə ola bilər və olacaq. Biz inanırıq ki, gec-tez bu fikir Ermənistan rəhbərliyinin ağlına gələcək”.

T.Beruçaşvili bu səfərin iki ölkə arasında əlaqələrin inkişafı baxımdan əhəmiyyətli olduğunu qeyd edərək, Azərbaycan və Gürcüstan arasında olan əməkdaşlığın strateji xarakter daşıdığını bildirib. İrimiqyaslı enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi istiqamətində iki ölkə arasında olan əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyini deyən T.Berçaşvili bu layihələrin Azərbaycan və Gürcüstanın və regionun inkişafı üçün vacib olduğunu bildirib.

Görüşdə Azərbaycan və Gürcüstanın bir-birilərinin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəklədkləri vurğulanıb. Görüşdən sonra nazirlər tərəfindən birgə mətbuat konfransı keçirilib.

Daha sonra nazir Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə görüşüb. Görüş zamanı İ.Qaribaşvili iki ölkə arasında mövcud olan möhkəm dostluq və strateji tərəfdaşlıq münasibətlərinin hazırkı inkişafından məmnunluğunu bildirib. Baş nazir həmçinin regional əməkdaşlıq sahəsində Azərbaycan və Gürcüstan arasında münasibətlərin nümunəvi xarakter daşıdığını qeyd edib.

E.Məmmədyarov strateji tərəfdaşlıq və dostluq münasibətlərinin daha da möhkəmləndirilməsinin iki dövlətin maraqlarına xidmət etdiyini bildirərək, həyata keçirilən enerji və nəqliyyat layihələrinin ölkələrimizin və regionun rifahı baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

İ.Qaribaşvili reallaşmış enerji və nəqliyyat layihələrində olduğu kimi, TANAP və TAP layihələrində də Gürcüstanın etibarlı tərəfdaş olduğunu diqqətə çatdırıb.

Görüşdə Azərbaycan və Gürcüstanının qarşılıqlı şəkildə bir-birilərinin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəklədikləri vurğulanıb.

E.Məmmədyarov İ.Qaribaşvilini Bakıda keçiriləcək İlk Avropa Oyunlarının açılış mərasimində iştirak etməyə dəvət edib. Baş nazir dəvəti qəbul edib.

Azərbaycan xarici işlər nazirinin Gürcüstana rəsmi səfəri çərçivəsində son görüşü ölkənin prezidenti Giorgi Marqvelaşvili ilə keçirilib. G.Marqvelaşvili Azərbaycan və Gürcüstan arasındakı strateji tərəfdaşlıq əlaqələrinin region üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd edib. İkitərəfli formatda olduğu kimi ölkələrimizin Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən üçtərəfli çərçivədə də uğurla əməkdaşlıq etdiyini vurğulayıb.

E.Məmmədyarov həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələrinin ölkələrimizin müstəqilliyinin möhkəmlənməsinə, inkişafına və regional çiçəklənməyə xidmət etdiyini bildirib.

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin iki ölkənin regional mövqeyinin güclənməsinə töhfə verdiyini deyən E.Məmmədyarov bu layihəyə Orta Asiya dövlətlərinin də ciddi maraq göstərdiyini diqqətə çatdırıb. O, üçtərəfli əsasda Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığının əhəmiyyətini qeyd edib. Görüşdə Azərbaycan və Gürcüstanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı dəstək ifadə olunub.

Qeyd edək ki, E.Məmmədyarov bu gün azərbaycanlıların kompakt yaşadığı Marneuliyə gedərək soydaşlarımızla görüş keçirəcək və onları narahat edən problemlərlə tanış olacaq.

SƏXAVƏT