Sərkisyanın məhkəməyə verilməsi üçün kütləvi şikayət
BMT petisiyaya reaksiya verəcəkmi?
Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının nəzdində yaradılan İşçi Qrupu tərəfindən BMT Təhlükəsizlik Şurasına müraciət üçün yaradılan "Sərkisyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səs" petisiyası başa çatıb. Bununla yanaşı, 20 Yanvar hadisəsinə dünya ictimaiyyəti tərəfindən siyasi qiymət verilməsi haqda petisiya da həyata keçirilir.
Xatırladaq ki, 2013-cü ildə Amerikada yaşayan azərbaycanlılar prezident Barak Obama administrasiyasının Xocalı qətliamı və onun qurbanlarını anması və müharibə cinayətlərini tanıması məqsədilə Ağ Evin veb səhifəsində petisiya yerləşdirmişdi. Ağ Evin rəsmi səhifəsində yer alan "Biz xalqıq" (We the People) bölməsində yerləşdirilmiş petisiyada "Fevralın 26-da amerikalı azərbaycanlılar və ABŞ azərbaycanlıları şəbəkəsinin dostları 1990-cı illərdə baş vermiş ən dəhşətli hadisələrdən biri olan Xocalı qətliamının 21-ci ildönümünü qeyd edəcək. Amerika azərbaycanlıları, bizim bu ölkədə və bütün dünyada olan dostlarımız adından faciənin 21-ci ildönümü ərəfəsində Xocalı qətliamı, onun qurbanlarının anılması və prezidentin bununla bağlı bəyanat verməsində bizə kömək etməyiniz üçün sizə müraciət edirik", - deyə bildirilirdi.
Ancaq Ağ Ev azərbaycanlıların Dağlıq Qarabağın işğalı və Xocalı soyqırımı ilə bağlı imzaladığı petisiyaya cavabı isə heç də gözlənilən kimi olmadı. Petisiyaları imzalayanların hamısına göndərilən cavab məktubunda deyilir ki, ABŞ prezidenti Barak Obama petisiyada qeyd olunan məsələ ilə bağlı rəsmi açıqlama verməyəcək: "Lakin Birləşmiş Ştatlar Ermənistan-Azərbaycan münaqişəsi zamanı insanların faciəli ölümünə dərindən təəssüflənir. Bu, bir daha onu xatırladır ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkün deyil. Münaqişənin yalnız sülh yolu ilə nizamlanması regionda sabitlik, çiçəklənmə və barışığı təmin edə bilər. ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri kimi sülhün əldə olunması üçün bütün tərəflərlə əməkdaşlığa sadiqdir".
Bəs görəsən, "Sərkisyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səs" petisiyasının başa çatmasından sonra Azərbaycandan ediləcək müraciətə beynəlxalq qurumlar nə kimi reaksiya göstərəcək?
"Beynəlxalq Haaqa Məhkəməsinə müraciət üçün hazırlıq işləri aparılacaq"
İşçi Qrupun beynəlxalq sahədə məsul şəxsi, Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının (ADTGT) sədri Asif Əsgərli qəzetimizə açıqlamasında bildirib ki, "Sərkisyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səs" petisiyası çərçivəsində 100 min səs toplanıb. Onun sözlərinə görə, başladılan proses öz axarı ilə gedir: "Əvvəllər də qeyd etdiyimiz kimi, bu, sadəcə, petisiya xatirinə olmayacaq, beynəlxalq hüquq sahəsində olan mütəxəssislərlə birgə düşünürük ki, rəsmi qaydada, dəlillər, sübutlar toplanmaqla BMT-nin hərbi cinayətlərə dair məhkəməsi olan Beynəlxalq Haaqa Məhkəməsinə müraciət üçün hazırlıq işləri aparaq".
"Yanlış səslər çıxarılacaq"
A.Əsgərli əlavə edib ki, petisiya başa çatdıqdan sonra səslərin sayılması prosesi başlanacaq və yanlış səslər çıxılacaq: "Burada yanlış səs vermələr bilərəkdən olmayıb. Elə insanlar olub ki, bir yox, iki-üç dəfə səs verib. Bu da həmin insanların məsələyə daha diqqətlə yanaşmasından irəli gəlir. Təbii ki, bir elektron poçtdan, İP-dən bir neçə dəfə gələn səslərdən yalnız biri sayılacaq".
İşçi Qrupunun beynəlxalq sahədə məsul şəxsi qeyd edib ki, 20 yanvar hadisəsinə dünya ictimaiyyəti tərəfindən siyasi qiymət verilməsi haqda petisiya davam edir. Onun sözlərinə görə, bu petisiya üzrə hələ 100 min səs toplanmayıb: "Hesab edirəm ki, bu proses də tezliklə uğurla başa çatacaq".
"Bir dəfə də olsun, ölkəmizin mövqeyini müdafiə etməyiblər"
Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirovun sözlərinə görə, istər bu petisiya, istərsə də Azərbaycan həqiqətləri ilə bağlı olan təbliğat kampaniyası çərçivəsində ABŞ və Avropa dövlətləri ölkəmizə dair həqiqətləri bilsələr də, bizə qarşı ikili standartlar tətbiq edirlər. O, misal üçün dünyanı gözü qarşısında olan Ukrayna hadisələrinə diqqət yetirməyin vacibliyini deyib: "ABŞ dövlətinin, o cümlədən Avropanın lider ölkələri olan Fransanın, Almaniyanın rəhbərləri, hökumət nümayəndələri az qala hər gün Putinin ayağına gedirlər, Ukrayna məsələsini həll etsinlər. Amma 1992-ci ildə başlayaraq Azərbaycan torpaqları işğal olunub, buna baxmayaraq, qeyd edilən dövlətlər bir dəfə olsun ölkəmizin mövqeyini müdafiə etməyib. Bu gün ABŞ dövlət katibi olan Con Kerri daxil olmaqla bir qrup senatorun hələ ötən əsrin sonlarında Qorbaçova yazdığı acizanə müraciətin şahidi olduq. Onlar həmin müraciətdə Qarabağdakı erməniləri xalq kimi göstərməklə, Dağlıq Qarabağın ermənilərə birləşdirilməsi istəyini qeyd edirdilər".
"Özləri də bilirlər ki, Sərkisyan hərbi cinayətkardır"
V.Qədirovun dediyinə görə, təşkil olunan petisiyaların önəmi ondadır ki, Azərbaycan xalqı olaraq öz haqq səsimizi dünya ictimaiyyətinə çatdırmağa borcluyuq: "Baxmayaraq ki, bizə qarşı ikili standartlar, ədalətsiz mövqe var, amma bu mövqenin neytrallaşması baxımından bu addımlar atılmalıdır. Onlar özləri də bilirlər ki, Sərkisyan hərbi cinayətkardır. Onu da bilirlər ki, 20 Yanvar hadisələrinə hüquqi qiymət verilməsinə imkan verməyiblər. Hətta o vaxt 20 yanvarda baş verən qətliamı Amerika və bir sıra Qərb ölkələri SSRİ-nin daxili işi kimi qiymətləndirməyə çalışıblar. Azərbaycanda baş verən 20 Yanvar faciəsi, Qaradağlı soyqırımı, Xocalı soyqırımı, 20 faizdən artıq torpaqlarımızın işğalı ilə bağlı Qərb ölkələri heç zaman ədalətli mövqe nümayiş etdirməyiblər. BMT Təhlükəsizlik Şurasının heç bir qətnaməsi olmadan belə Rusiyaya qarşı sanksiyalar tətbiq edilir. Lakin BMT-nin Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması ilə bağlı 4 qətnaməsi olsa da, həmin beynəlxalq təşkilatlar, lider ölkələr tərəfindən bir dəfə belə olsun, Ermənistana sanksiya tətbiq edilməyib. Əksinə, Qarabağdakı ermənilərə humanitar yardım göstərməklə bağlı istər Amerika, istərsə də bir sıra Qərb ölkələri yarışa giriblər".
"Məhz bu aksiyalar vasitəsilə haqq işimizə nail ola bilərik"
Təşkilat sədri deyib ki, petisiya uğurla başa çatıb. V.Qədirov əlavə edib ki, Azərbaycan xalqı cəbhədə olduğu kimi, beynəlxalq aləmdən və diaspordan dəstək alaraq bu petisiyanı imzalamaqla öz mübarizliyini, mütəşəkkiliyini, o cümlədən torpaqlarının işğalda qalmayacağını bəyan edir: "Eyni zamanda münaqişənin uzanmasında maraqlı olan qüvvələrə sübut edirlər ki, biz heç zaman torpaqların işğalı ilə barışmayacağıq. Hesab edirəm ki, "Sərkisyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səs" və 20 Yanvar hadisəsinə dünya ictimaiyyəti tərəfindən siyasi qiymət verilməsi haqda petisiyalar mütəmadi keçirilməlidir. Biz bununla münaqişənin həlli ilə bağlı işlərin nisbətən sürətləndirilməsinə yardım göstərə biləcəyik. Ola bilsin ki, Avropanın bu münaqişədən məlumatlı olmayan əhalisi məhz bu aksiyalar vasitəsilə haqq səsimizi eşidəcəklər".
"Gənclərimiz fəallıq göstərdilər"
Yeni Azərbaycan Partiyasının (YAP) üzvləri, xüsusilə gəncləri petisiyada aktivliyi ilə seçiliblər. Məsələyə münasibət bildirən YAP Gənclər Birliyinin sədri Seymur Orucov qeyd edib ki, partiya hər bir sahədə Azərbaycanın milli maraqlarını qoruyub. Onun sözlərinə görə, Dağlıq Qarabağ Azərbaycanın milli məsələsidir:
"Ona görə də biz belə petisiyalarda, xüsusilə, Sərkisyan kimi terrorçu və diplomatik pasporta malik bir insanın hərbi cinayətkar kimi tanınmasında gənclərimiz kənarda qala bilməzdilər. Bu səbəbdən də partiya üzvləri, xüsusən gənclər petisiyada daha aktiv şəkildə iştirak etdilər. Petisiya zamanı lazım olan səslərin toplanmasında bizim gənclərin həqiqətən böyük rolu oldu. Onlar könüllülük prinsipi əsasında bu işi həyata keçirdilər. Qeyd edim ki, ötən illərdə Xocalı ilə bağlı ABŞ Dövlət Departamentinin internet səhifəsində keçirilən səsvermə zamanı da üzvlərimiz, gənclərimiz öz fəallıqlarını nümayiş etdirmişdilər. Ümumiyyətlə, Yeni Azərbaycan Partiyasının üzvləri bu cür məsələlərdə həssasdır, diqqətlidir. Bir daha göstərdik ki, biz lazım olanda səngərdə əsgər də ola bilərik, lazım olanda isə sosial şəbəkələrdə Ermənistana qarşı hər hansı məsələdə aktivlik gücümüzü göstərməyə qadirik".
"Elektron poçt aksiyasına başlayacağıq"
S.Orucov əlavə edib ki, 20 Yanvar hadisələri ilə bağlı beynəlxalq təşkilatlara, qurumlara, Avropa Birliyinə, o cümlədən bu qurumlarda yer alan ermənipərəst şəxslərin, deputatların elektron poçtlarına məlumatlar və müraciətlər göndərilir: "Biz hazırda petisiyaların bitməyini gözləyirik. Bundan sonra Xocalı soyqırımı ilə bağlı YAP Gənclər Birliyi elektron poçt aksiyasına başlayacaq. Bu aksiya çərçivəsində də beynəlxalq qurumlara, bir sıra dövlətlərin parlamentlərinə, ölkə başçılarına Xocalıya ədalətlə bağlı, ermənilərin azərbaycanlılara qarşı keçirdiyi soyqırımı məsələləri ilə əlaqədar müraciətlər ediləcək. Eyni zamanda, üzvlərimiz mövzu ilə bağlı sosial şəbəkələrdə də öz aktivliklərini göstərəcəklər".
BƏXTİYAR