BAKI, 29 avqust. TELEQRAF
ABŞ-nin "Covenant" müdafiə şirkəti 2027-ci ildən etibarən Almaniyanın Leypsiq şəhəri ətrafında orta mənzilli strateji qanadlı raketlərin kütləvi istehsalına başlamağı planlaşdırır.
Teleqraf "Reuters" agentliyinin məxfi mənbələrinə istinadla xəbər verir ki, sızan məlumatlara görə, istehsal olunacaq yeni raketlərin uçuş məsafəsi 1500 kilometrdən çox olacaq və zavod ildə 1000 ədəd raket buraxmaq gücünə sahiblənəcək.
Layihənin icrasına səbəb Vaşinqtonun əvvəlki vədlərindən qəfil imtina edərək Almaniyaya uzaqmənzilli "Tomahawk" raketlərini tədarük etməyəcəyini bildirməsidir.
ABŞ-nin bu gözlənilməz gedişindən sonra çətin vəziyyətdə qalan Berlin Rusiyanı geri oturtmaq və daxili hərbi boşluğu doldurmaq üçün təcili olaraq 12 milyard avroluq yeni raket arsenalı proqramını işə salıb. Komponentlərin böyük hissəsi Avropadan təmin olunacaq və həm Almaniya Müdafiə Nazirliyi, həm də ABŞ şirkəti məsələ ilə bağlı hələlik rəsmi şərh verməkdən imtina ediblər.