BAKI, 29 avqust. TELEQRAF

Rusiya xarici işlər naziri Sergey Lavrov Böyük Avrasiya Tərəfdaşlığının qurulmasının qitədə ticarət və investisiya qarşısındakı bütün maneələrin aradan qaldırılmasına xidmət edəcəyini bəyan edib.

Teleqraf "TASS" agentliyinə istinadla xəbər verir ki, Kazanda keçirilən gənc diplomatların dialoq forumunun iştirakçılarına müraciət ünvanlayan nazir qeyd edib ki, dünya nizamının çoxqütblülük prinsipləri əsasında güclənməsi daha ədalətli qlobal iqtisadi mexanizmlərin yaradılması üçün geniş imkanlar açır.

Lavrovun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin irəli sürdüyü bu təşəbbüs Avrasiya məkanındakı inteqrasiya proseslərini birləşdirmək, daha mükəmməl, balanslaşdırılmış və etibarlı iqtisadi əlaqələr qurmaq məqsədi daşıyır.

Rusiya XİN rəhbəri əlavə edib ki, yaxın gələcəkdə qitənin rifahı naminə dövlətlərin strateji planlarının koordinasiya edilməsi məhz gənc diplomatların üzərinə düşəcək.