BAKI, 29 avqust. TELEQRAF
Almaniyanın paytaxtı Berlin şəhəri bələdiyyə sistemlərinə edilən kütləvi kiberhücumdan sonra nəhəng şantaj təhlükəsi ilə üz-üzə qalıb.
Teleqraf "BBC News"a istinadla xəbər verir ki, Berlin meri Kay Vegner hakerlərin şəhərin rəqəmsal şəbəkələrindən 5,79 terabayt həcmində gizli sənədləri və minlərlə şəxsi məlumatı ələ keçirdiyini açıqlayıb.
"Der Spiegel" nəşrinin məlumatına görə, cinayətkarlar datanı yaymamaq müqabilində bələdiyyədən 30 bitkoin (təxminən 2 milyon avro) tələb edirlər. Hücumun arxasında Rusiya və Şərqi Avropa ilə əlaqəli olan məşhur "Rhysida" haker qruplaşmasının dayandığı ehtimal edilir.
Kiberhücum nəticəsində paytaxtın mənzil müavinətləri, nəqliyyat və ətraf mühit departamentlərinin rəqəmsal xidmətləri tamamilə çöküb. Mer Vegner "Berlin şantaja boyun əyməyəcək" deyərək tələb olunanları ödəməkdən imtina edib.