BAKI, 29 avqust. TELEQRAF
Ukraynada Böyük Britaniyanın "Storm Shadow/SCALP-EG" uzaqmənzilli raketlərinin tam yerli istehsalının qurulması üçün 5 ilədək vaxt lazım olacaq.
Teleqraf "RBC-Ukrayna"ya istinadla xəbər verir ki, bunu Ukrayna müdafiə sənayesi müəssisəsinin inkişaf üzrə direktori Anatoli Xrapçinski deyib.
Ekspert qeyd edib ki, hazır komponentlərdən ibarət ilkin böyük quraşdırma xəttinin Ukrayna ərazisində fəaliyyətə başlaması isə sənədləşmə işlərindən asılı olaraq 6 aydan 12 aya qədər vaxt apara bilər.
Xatırladaq ki, avqustun 24-də London rəsmi Kiyevə bu raketlərin istehsal texnologiyasını və lisenziyasını ötürmək barədə tarixi qərar qəbul edib və prezident Volodimir Zelenski bunu təsdiqləyib.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə bəyan edib ki, Londonun bu addımı Böyük Britaniyanın müharibədə Ukrayna tərəfindən birbaşa iştirak etdiyinin rəsmi sübutudur və Moskva bu texnologiyaların ötürülməsini yaxından izləyir.