BAKI, 29 avqust. TELEQRAF
Qara dənizdə mülki gəmiçilik üçün yeni beynəlxalq təhlükəsizlik mexanizmi təklif edilir.
Teleqraf xəbər verir ki, bu barədə türkiyəli beynəlxalq təhlükəsizlik eksperti Canan Tercan TASS-a müsahibəsində danışıb.
O, Qara dənizdə artan təhlükələrə qarşı yeni müdafiə sisteminin qurulmasını zəruri hesab edir. Ekspert mülki gəmiçiliyin müharibəyə cəlb olunmasının qarşısını almaq üçün BMT-ni, Dünya Ticarət Təşkilatı və Beynəlxalq Dəniz Təşkilatı ilə birlikdə xüsusi təhlükəsiz marşrut yaratmağa çağırıb.
Ekspert keçmiş "Taxıl dəhlizi" modelinin uğurlu nümunə olduğunu xatırladaraq, bu yanaşmanın Qara dənizdəki bütün mülki daşımalara şamil edilməli olduğunu bildirib. Onun sözlərinə görə, layihə təkcə naviqasiya təhlükəsizliyini deyil, həm də qlobal ərzaq və iqtisadi sabitliyi qorumaq məqsədi daşıyır.
Tercan alternativ olaraq İran və Omanın Hörmüz boğazında birgə idarə etdiyi müvəqqəti dəniz dəhlizi modelini də Qara dənizdə tətbiq etməyi təklif edib.
Xatırladaq ki, 2022-ci ildə İstanbulda imzalanan "Taxıl müqaviləsi" ehtiyacı olan Afrika ölkələrinə tədarükün təmin olunmaması və Qərbin öhdəlikləri yerinə yetirməməsi səbəbindən 2023-cü ilin iyulunda Rusiya tərəfindən dayandırılıb.