BAKI, 29 avqust. TELEQRAF
Tayvan nüvə energetikasına qayıdışla bağlı referendum keçirəcək.
Teleqraf xəbər verir ki, bu barədə Tayvanın Mərkəzi Seçki Komissiyası (CEC) məlumat verib.
Komissiya adanın nüvəsiz statusunun ləğvi və energetikanın bərpası ilə bağlı referendum keçirməyi təsdiqləyib. Səsvermə 28 noyabrda yerli seçkilərlə eyni vaxtda baş tutacaq.
Bu qərar regionda enerji təhlükəsizliyi və yaşıl enerjiyə keçid fonunda geniş müzakirələrə səbəb olub.
Qeyd edək ki, adadakı "Jinshan", "Guosheng" və "Maanshan" atom elektrik stansiyaları hazırda istismardan çıxarılıb, tikintisinə 9,7 milyard dollar xərclənən "Longmen" stansiyası isə 2014-cü ildə kütləvi etirazlar səbəbindən yarımçıq dayandırılıb. İctimaiyyətin təzyiqi ilə 2016-cı ildə nüvə enerjisindən tam imtina edilsə də, hazırda enerji ehtiyacının 80%-ni idxal edən Tayvan ciddi enerji təhlükəsizliyi böhranı ilə üz-üzədir. Bu səbəbdən ekspertlərin və hakimiyyətin çağırışı ilə stansiyaların fəaliyyətinin bərpa olunması yenidən xalqın səsverməsinə buraxılır.