BAKI, 29 avqust. TELEQRAF
ABŞ hakimiyyəti İran və Venesuelada keçirilən hərbi əməliyyatlarla bağlı mərclərdən 1 milyon dollardan çox qazanc əldə edən amerikalı hərbçiyə qarşı ittiham irəli sürməyə hazırlaşır.
Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrinə istinadən məlumat yayıb.
Mənbələrin məlumatına görə, hərbçi ilə bağlı araşdırma yaz aylarından aparılır. İstintaq onun məxfi məlumatlardan qanunsuz şəkildə istifadə edib-etmədiyini araşdırır.
Bildirilir ki, hərbçi “Polymarket” mərc platformasında ABŞ-nin İran və Venesueladakı hərbi əməliyyatları ilə bağlı uğurlu mərclər edib. Ona qarşı ittihamların payızda irəli sürülə biləcəyi qeyd olunur.
Bununla yanaşı, ABŞ-də KPMG audit şirkətinin əməkdaşı ilə bağlı da ayrıca araşdırma aparılır. Həmin şəxsin bəzi şirkətlərin rüblük maliyyə göstəriciləri ilə əlaqədar mərclər etdiyi ehtimal olunur.
WSJ qeyd edir ki, bu araşdırmalar ABŞ hakimiyyətinin mərc platformalarında mümkün qanun pozuntularına qarşı mübarizəni gücləndirdiyini göstərir.
Qeyd edək ki, daha əvvəl ABŞ hərbçisi Qennon Ken Van Dayk Venesuelaya mümkün müdaxilə və ölkə Prezidenti Nikolas Maduronun ələ keçirilməsi ilə bağlı mərclərə görə saxlanılıb. O, məxfi hökumət məlumatlarından şəxsi qazanc məqsədilə qanunsuz istifadə də daxil olmaqla bir sıra əməllərdə ittiham olunur. Təqsirli bilinərsə, onu 60 ilədək həbs cəzası gözləyə bilər.