BAKI, 29 avqust. TELEQRAF
İslandiya parlamentindəki üç müxalifət partiyasından ikisi ölkənin Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı danışıqların bərpasına dair referendumun nəticələrini qəbul etməyə hazır olduqlarını bildirib.
Teleqraf xəbər verir ki, bunu İslandiya parlamentinin ikinci vitse-spikeri İnqvar Toroddsson “İzvestiya” qəzetinə açıqlamasında deyib.
Onun sözlərinə görə, avqustun 29-da keçiriləcək referendumda seçicilərin əksəriyyəti Brüssellə Aİ-yə üzvlük danışıqlarının bərpasını dəstəkləyərsə, müxalifətdəki üç partiyadan ikisi hökumətlə əməkdaşlıq edəcək.
“Üç müxalifət partiyasından ikisi bəyan edib ki, referendumda ‘hə’ cavabı qalib gələrsə, mümkün olan ən yaxşı üzvlük sazişinin əldə edilməsi üçün hökumətlə birlikdə çalışacaqlar. Bu, yaxşı xəbərdir, çünki parlamentdə əhəmiyyətli çoxluğun referendumun nəticələrinə hörmət edəcəyi deməkdir”, - Toroddsson bildirib.
Qeyd edək ki, İslandiya 2009-cu ildə, qlobal maliyyə böhranı dövründə Aİ-yə üzvlük üçün müraciət edib. Ölkə 33 inteqrasiya mərhələsindən 11-ni başa çatdırsa da, iqtisadi vəziyyətin sabitləşməsindən sonra 2013-cü ildə danışıqlar dayandırılıb.
2015-ci ildə isə Reykyavik Brüsseldən İslandiyanı Aİ-yə üzvlüyə namizəd ölkə hesab etməməyi istəyib.
Avropa İttifaqına üzvlüklə bağlı danışıqların bərpasına dair referendum İslandiyada avqustun 29-da keçiriləcək.