BAKI, 29 avqust. TELEQRAF
ABŞ miqrasiya orqanları qanunsuz miqrantların deportasiyasını dəfələrlə açıq şəkildə müdafiə edən britaniyalı sağçı fəal Milo Yannopulosu saxlayıb və onun ölkədən çıxarılmasına hazırlaşır.
Teleqraf xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Məlumata görə, 41 yaşlı Yannopulos Luiziana ştatında ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) əməkdaşları tərəfindən saxlanılıb.
ABŞ Daxili Təhlükəsizlik Nazirliyindən bildirilib ki, britaniyalı fəal 2019-cu ildə ölkəyə daxil olub, lakin ona verilən qanuni qalma müddəti başa çatdıqdan sonra ABŞ-ni tərk etməyib.
BBC qeyd edir ki, Yannopulos əvvəllər ICE əməkdaşlarının keçirdiyi reydləri açıq şəkildə dəstəkləyib. O, xidməti vəzifələrini yerinə yetirən ICE əməkdaşlarına “tam hüquqi toxunulmazlıq” verilməsinin tərəfdarı olduğunu bildirib.
Fəal həmçinin ABŞ-də qanunsuz yaşayan “milyonlarla insanın” deportasiya edilməsinə çağırıb. Yannopulos ölkədə qanuni əsaslarla yaşadığını sübut edə bilməyən şəxslərin dərhal deportasiya edilməli olduğunu söyləyib.