BAKI, 17 fevral. TELEQRAF

Fransanın Lion şəhərində radikal sağçı fəal Kventin Derankın ölümündən sonra polis cinayət işi üzrə istintaqa başlayıb.

Teleqraf "The Guardian"a istinadən xəbər verir ki, 23 yaşlı tələbə ağır kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilmiş və həftəsonu dünyasını dəyişmişdi.

Prokurorluğun məlumatına görə, Derank ən azı altı maskalı şəxs tərəfindən döyülüb. Hadisə universitetdə keçirilən konfransa qarşı etiraz aksiyası zamanı baş verib. Polis şübhəlilərin müəyyən edilməsi üzərində işləyir, hələlik saxlanılan yoxdur.

Hadisə Fransada siyasi gərginliyi daha da artırıb. Prezident Emmanuel Makron sosial şəbəkədə paylaşımında günahkarların tapılaraq cəzalandırılmasının vacibliyini bildirib və zorakılığa çağırışların yolverilməz olduğunu vurğulayıb.