BAKI, 8 dekabr. TELEQRAF

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Çernobıl AES-də reaktor qalıqlarını örtən müdafiə konstruksiyasının artıq radiasiyanı tam şəkildə saxlamadığını açıqlayıb.

Teleqraf xəbər verr ki, bu barədə "Newsweek" məlumat yayıb.

MAQATE-nin bildirdiyinə görə, fevral ayında həyata keçirilən dron hücumu nəticəsində “Yeni Təhlükəsiz Örtük” (New Safe Confinement (NSC)) ciddi zədələnib və öz əsas təhlükəsizlik funksiyalarını, o cümlədən radiasiyanın məhdudlaşdırılması imkanını itirib. Strukturun bəzi monitorinq sistemləri isə işlək vəziyyətdə qalıb.

Ukrayna həmin zərbənin Rusiya tərəfindən endirildiyini açıqlasa da, Moskva ittihamları rədd etmişdi. Hücum zamanı baş verən yanğın qısa müddətdə söndürülmüşdü.

Agentlik bildirir ki, zədələnmiş örtüyün yalnız məhdud müvəqqəti təmiri aparılıb və obyektin uzunmüddətli təhlükəsizliyi üçün dərhal və genişmiqyaslı bərpa işlərinə ehtiyac var.

MAQATE mütəxəssisləri dekabrın əvvəlindən etibarən Ukrayna üzrə bir sıra elektrik yarımstansiyalarında yoxlamalar aparır. Rusiyanın enerji infrastrukturuna qarşı hücumları nəticəsində bəzi atom elektrik stansiyaları istehsalı azaltmağa məcbur olub. Zaporoje AES isə artıq 11-ci dəfə tam olaraq xarici elektrik təchizatından ayrılıb.