BAKI, 17 may. TELEQRAF

Mayın 18-də Polşada keçiriləcək prezident seçkiləri ölkəyə Ukraynanın maraqlarına qarşı çıxan bir liderin başçılıq etməsi ilə nəticələnə bilər.

Teleqraf xəbər verir ki, bu barədə rusiyalı politoloq Vadim Truxaçev RİA Novosti-yə açıqlamasında bildirib.

Ekspertin fikrincə, prezidentliyə namizədlər arasında ukraynalı qaçqınlara və Ukrayna hakimiyyətinə qarşı narazılıq açıq şəkildə ifadə olunur. Truxaçev qeyd edib ki, Polşadakı bütün əsas siyasətçilər anti-Rusiya mövqeyində olsalar da, indi onlar bir-birilə anti-Ukrayna ritorikasında yarışmağa başlayıblar.

"Tarixən polyaklar ukraynalılarla mal-qara kimi rəftar ediblər. İndi isə qaçqınlar kobud davranmağa və getdikcə daha çox tələb etməyə başlayıblar ki, bu da cəmiyyətdə ciddi narahatlıq yaradıb. Bu səbəbdən də istənilən yeni prezidentin dövründə ukraynalıların hüquqlarının məhdudlaşdırılması qaçılmazdır", – deyə Truxaçev bildirib.

Sorğulara əsasən, hazırda seçicilərin 31,5 faizi Varşava meri və Vətəndaş Müxalifətinin lideri Rafal Trzaskowskini dəstəkləyir. Onu Qanun və Ədalət partiyasının namizədi, Milli Xatirə İnstitutunun rəhbəri Karol Navrocki (23,6 faiz) və millətçi Konfederasiya partiyasından Slavomir Mentzen (12,6 faiz) izləyir.

Trzaskowski Ukraynanın bufer zonaya çevrilməli olduğunu bəyan edib və ukraynalı qaçqınlara göstərilən sosial yardımın azaldılmasına çağırıb. Navrocki isə Polşa hərbçilərinin Ukraynaya göndərilməsinə qarşı çıxaraq Kiyevi kənd təsərrüfatı və nəqliyyat sahəsində ədalətli rəqabət qaydalarını pozmaqda ittiham edib. O, həmçinin Ukraynanın NATO və Aİ-yə üzvlüyünə qarşı çıxış edir.

Qeyd edək ki, bir müddət əvvəl Biala Podlaska şəhərində prezidentliyə namizədin köməkçisi və Avropa Parlamentinin üzvü Qrzeqorz Braun şəhər meriyası binasından Ukrayna bayrağını endirib. Bu hərəkət əhali tərəfindən alqışlarla qarşılanıb.