
BAKI, 8 aprel. TELEQRAF
"Henley & Partners" qlobal məlumat kəşfiyyatı şirkəti "New World Wealth" ilə birgə hazırladığı hesabatda ABŞ dünyanın ən zəngin şəhərləri olan ölkə sıralamasında liderliyini qoruyub.
Teleqraf xəbər verir ki, ilk 50 şəhər sıralamasında ABŞ 11 şəhərlə yer alıb.
Nyu-York 818 sentimilyoner (sərvəti 100 milyon dollar və ya daha çox olanlar) və 66 milyarder daxil olmaqla, 384,500 yüksək sərvətli şəxslə birinci yerdə qərarlaşıb. Nyu-Yorku 342,400 milyonçu ilə San-Fransisko və Silikon Vadisini əhatə edən Körfəz bölgəsi izləyib.
Son 10 ildə varlı insanların sayında 98 faiz artım müşahidə edilən Bay Area 82 milyarderlə Nyu-Yorku geridə qoyaraq qlobal texnologiya sərvət mərkəzi olaraq önə çıxır.
Hesabata görə, 2023-cü ildə 5 şəhərlə siyahıya daxil olan Çin 2024-cü ildə Quançjou ilə birlikdə 50 şəhər arasında 6 şəhərlə ABŞ-dən sonra ikinci yerdədir. Çinlə yanaşı, ABŞ-nin böyük şəhərlərində də zənginlərin sayı artmaqdadır.
Son 10 ildə milyonçuların sayının iki dəfə artdığı şəhərlər arasında Scottsdale və West Palm Beach müvafiq olaraq 125 faiz və 112 faiz artım göstərib. 94 faiz artım müşahidə edilən Mayami, 92 faiz Vaşinqton və 90 faiz artım göstərən Ostin də bu siyahıya daxildir.
Dünyanın ən zəngin şəhərlərindən biri olan London reytinqdəki enişini davam etdirir. 2024-cü ildə 5-ci yerə enən London bu il 215.700 milyonçu ilə 6-cı yerdədir. Son 10 ildə 10 faizdən çox geriləmə müşahidə edilən Londondan başqa, Moskva da son 10 ildə 25 faiz azalaraq 40-cı yerə düşüb. Bu iki şəhər Top 50 siyahısında mənfi artım göstərən şəhərlər kimi qeyd olunur.
Hesabata görə, ötən il Yaponiyada Tokio 292,300 milyonçu ilə üçüncü yeri qoruyub. Tokiodan sonra Sinqapur 242,400 milyonçu ilə 4-cü, Los- Anceles isə Londonu geridə qoyaraq 220,600 milyonçu ilə 5-ci yerə yüksəlib.
Türkiyədə 40,200 milyonçu, 131 sentimilyoner və 16 milyarder yaşadığı qeyd olunub. İstanbulda isə 15,000 milyonçu, 58 sentimilyoner və 10 milyarder yaşayır. Hesabatda ölkə üzrə ümumi likvid sərvətin təxminən 945 milyard dollar olduğu və adambaşına düşən likvid sərvətin 11,200 dollar olduğu bildirilir.