BAKI, 27 aprel. TELEQRAF
"Biz keçmişdən çox yaxın qardaş olmuşuq və bundan sonra da belə olacaq".
Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian AzTV-yə eksklüziv müsahibəsində deyib.
Prezident bildirib ki, Azərbaycana səfər edəcəyi üçün şaddır: "Orada özümüzü özgə hiss etmirik. Bu cənab İlham Əliyevlə görüşdə də əksini tapacaq. Keçmişdə ortaq tarixi bölüşmüşük, amma indi ölkələrarası sərhəd var. Hər zaman sevinc və kədərlərimizi bölüşmüşük. Biz keçmişdən çox yaxın qardaş olmuşuq və bundan sonra da belə olacaq".
İran lideri, həmçinin Prezident İlham Əliyevlə müzakirə edilə biləcək məsələlərdən də danışıb: "İki qonşu və qardaş bir-biri ilə nə etməlidir? Bizim malik olduğumuz bütün sahələrdə - iqtisadi, elmi, sənaye, ticarət, idman, səhiyyə, mədəniyyət, və s. istiqamətlər üzrə əlaqələrdən istifadə edə bilərik. Ölkələr arasında sağlam əlaqələr qurmaq üçün addımlar atmaq mümkündür. O tayla, bu tay qohumdur".