“İranın şimal-qərbində yerləşən və dünyanın ən böyük duz göllərindən olan Urmiya gölü məhv olmaq üzrədir”.
Teleqraf.com xəbər verir ki, İranın Qərbi Azərbaycan və Şərqi Azərbaycan vilayətləri arasında yerləşən, bir vaxtlar İranın cənnət guşələrindən sayılan göl palçığa çevrilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə suyun səviyyəsi 48 santimetr azalıb, bura “Urmiyə səhrası” adlanır.
2006-cı ildə Urmiya gölünün eni 5 min kvadrat kilometr olduğu halda, 2013-cü ildə eni 500 kvadrat kilometrə düşüb. 30 milyard kubmetr suyu olan gölün tutumu 1 milyard kubmetrə qədər azalıb.
Mayami Universitetində iranlı mütəxəssislərin Urmiya gölü ilə bağlı apardıqları araşdırmada gölün hətta az yağıntılı dövrlərdə belə qurumadığı, son 20 ildəki vəziyyətə quraqlığın səbəb olmadığı və bunda insan amilinin daha çox rol oynadığı qeyd edilir. Tədqiqatçılar gölün qurumasında təbii amillərin payının 31 faiz, o cümlədən yağıntıların 18 faiz azalması və temperaturun 1,5 dərəcə artması, insan faktorlarının payının isə 69 faiz olduğunu müəyyən ediblər.