BAKI, 5 oktyabr. TELEQRAF

Bakıda təşkil olunan cüdo üzrə böyüklər arasında dünya çempionatında oktyabrın 5-də ikinci yarış gününün görüşləri keçiriləcək.

Teleqraf xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan mundialın ikinci günündə Azərbaycan millisinin 4 üzvü iki çəki dərəcəsində qüvvəsini sınayacaq.

Qadınların -52 kq çəki dərəcəsində Gültac Məmmədəliyeva mübarizəyə 1/16 final mərhələsindən başlayacaq. Cüdoçumuzun ilk rəqibi İsrail təmsilçisi Gefen Primo olacaq.

Kişilərin -66 kq çəki dərəcəsində Turan Bayramov 1/32 finalda Finlandiya təmsilçisi Luukas Saha ilə, Nizami İmranov isə Gürcüstan cüdoçusu Vaja Marqvelaşvili ilə qarşılaşacaq.

Eyni çəki dərəcəsində Ruslan Paşayev mübarizəyə 1/16 finaldan start verəcək. Onun rəqibi Serdar Rahimov (Türkmənistan) – Adrian Nieto Çinarro (İspaniya) görüşünün qalibi olacaq.

Təsnifat mərhələsinin görüşləri saat 10:00-da başlayacaq. Dünya çempionatının rəsmi açılış mərasimi saat 16:30-da, final bloku isə saat 18:00-da keçiriləcək.

Görüşlər “CBC Sport” və “Judo TV” vasitəsilə canlı yayımlanacaq.

Dünya çempionatının biletlərini iTicket.az platformasından əldə etmək mümkündür.

Xatırladaq ki, yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov -60 kq çəki dərəcəsində qızıl medal qazanaraq dünya çempionu olub. Bu, Azərbaycan cüdo tarixində böyüklər arasında dünya çempionatlarında qazanılan dördüncü qızıl medal, -60 kq çəki dərəcəsində isə ilk dünya çempionluğudur.