BAKI, 14 aprel. TELEQRAF

Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Slovakiyanın paytaxtı Bratislavada həm sərbəst, həm də yunan-Roma güləşi üzrə komanda hesabında Avropa çempionu olan Azərbaycan milli komandasını təbrik edib.

Teleqraf xəbər verir ki, o, feysbuk hesabında sərbəst güləşçilərin 5-ci, yunan-Roma güləşçilərinin isə 2-ci dəfə qitə çempionu olduğunu qeyd edib.

"Slovakiyada keçirilən Avropa çempionatında həm sərbəst, həm də yunan-Roma güləşi üzrə milli komandamız Avropa çempionu oldu. Güləşçilərimiz bu yarışda 4 qızıl, 2 gümüş və 7 bürünc medal qazandılar.
Millimiz sərbəst güləş üzrə 5-ci dəfə komanda hesabında Avropa çempionu oldu. Giorgi Meşvildişvili (125 kq) qızıl, Osman Nurmaqomedov (92 kq) gümüş, İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) isə bürünc medal qazandılar.

Qadın güləşi üzrə millimizin üzvü Jalə Əliyeva (57 kq) zədələrə baxmayaraq, böyük əzmkarlıq nümayiş etdirərək Avropa üçüncüsü oldu.

Yunan-Roma güləşi üzrə millimiz 2-ci dəfə Avropa çempionu oldu. Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Eldəniz Əzizli (55 kq) gümüş, Ülvü Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal qazandılar.

İdmançılarımızın nümayiş etdirdiyi peşəkarlıq və möhkəm iradə bir daha göstərdi ki, #Azərbaycan güləşi dünyanın ən böyük arenalarında sözünü deməyə qadirdir.

Güləşçilərimizi, onların valideynlərini, məşqçilərimizi və Federasiya nümayəndələrini təbrik edirik!", - deyə Mikayıl Cabbarov yazıb.