
XANKƏNDİ, 13 aprel. TELEQRAF
“Belə bir yarışın Azərbaycan paytaxtına həvalə olunması ölkəmizin tanıtımı üçün növbəti uğurdur”.
Bu sözləri Teleqraf-a açıqlamasında gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan ilk dəfə ev sahibliyi edəcəyi məşhur UFC (Ultimate Fighting Championship) turniri barədə danışarkən deyib.
Qayıbov indiyə qədər Azərbaycanda bir çox mötəbər yarışların keçirildiyini xatırladıb, ilk dəfə bu cür mötəbər yarışa ev sahibliyi etməyin önəmindən söz açıb: “Ölkə başçısı İlham Əliyevin apardığı siyasət nəticəsində Bakı şəhəri 2026-cı il üçün dünyanın idman paytaxtı seçilib. Növbəti il bir çox nüfuzlu tədbirlər keçiriləcək. Ənənəvi olaraq Formula-1 marafonu keçiririk. Hansı ki, ildən-ilə daha da populyardır və hər il xaricdən daha çox idman həvəskarı bu yarışa gəlir. UFC Azərbaycanda və dünyada populyardır. Yarışı izləmək üçün həm regiondan, həm də digər ölkələrdən idman azarkeşləri Azərbaycana gələcək”.
Qeyd edək ki, Azərbaycanda ilk dəfə məşhur UFC turniri iyunun 21-də Bakı Kristal Zalında baş tutacaq. Döyüş gecəsini UFC təşkilatı, Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti birlikdə təşkil edəcək.