
BAKI, 12 aprel. TELEQRAF
Azərbaycanın daha üç yunan-Roma güləşçisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatının finalına vəsiqə qazanıb.
Teleqraf xəbər verir ki, bunlar Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (72 kq) və Qurban Qurbanovdur (82 kq).
Nihat Məmmədli yarımfinalda moldovalı Viktor Çobanı 8:0 hesabı ilə məğlub edib.
Həsrət Cəfərov 1/2 finalda Türkiyə təmsilçisi Murat Fıratı 8:0 üstələyib.
Qurban Qurbanov isə Gürcüstan təmsilçisi Qela Bolkvadze üzərində 4:0 hesablı qələbə qazanıb.
Final qarşılaşmaları aprelin 13-də baş tutacaq.
Qeyd edək ki, bu gün Azərbaycanın dörd yunan-Roma güləşçisi medal görüşü keçirəcək. Eldəniz Əzizli (55 kq) final görüşünə, Murad Məmmədov (63 kq), İslam Abbasov (87 kq) və Beka Kandelaki isə (130 kq) bürünc medal uğrunda döyüşə çıxacaq.