BAKI, 7 aprel. TELEQRAF

Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə Avropa çempionatı start götürüb.

Teleqraf xəbər verir ki, ilk yarış günündə Azərbaycan milli komandasının 5 sərbəst güləşçisi döşək üzərinə çıxıb. Onlardan 3-ü adını yarımfinal mərhələsinə yazdırıb.

57 kq-da mübarizə aparan İslam Bazarqanov yarışa 1/4 finaldan qoşulub. O, türkiyəli Muhammet Karavuşa 8:1 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Bazarqanov Dünya Güləş Birliyi bayrağı altında yarışan Naçın Monquşla üz-üzə gələcək.

65 kq-da Əli Rəhimzadə 1/8 finalda belçikalı Ayub Musaevə 7:2, 1/4 finalda isə almaniyalı Niko Megerleniyə tam üstünlüklə (10:0) qalib gəlib. O, yarımfinalda Fransanı təmsil edən Xamzat Arsamerzoyevlə qarşılaşacaq.

70 kq-da yarışan Kənan Heybətov 1/8 finalda avstriyalı Benedikt Huberə tam üstünlüklə (10:0), 1/4-də isə Bolqarıstan təmsilçisi Mihail Georgiyevə 4:1 hesabı ilə qalib gələrək adını 1/2 finala yazdırıb. Dünya Güləş Birliyi bayrağı altında mübarizə aparan David Bayevlə münasibətlərə aydınlıq gətirəcək.

79 kq-da Orxan Abasov təsnifat mərhələsində Dağıstan əsilli fransalı Zəlimxan Xadjiyevə 5:9 hesabıyla məğlub olub.

97 kq-da Abubakr Abakarov 1/8 finalda ukraynalı Vasil Sovaya "tuş"la (9:5) qalib gəlib. O, 1/4 finalda isə macarıstanlı Rixard Veqxə 2:5 uduzub.

Yarımfinal görüşləri Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, Avropa çempionatına aprelin 13-də yekun vurulacaq.